.jpg)
TBİLİSİ, 10 mart. TELEQRAF
Bu gün Azərbaycanda Milli Teatr Günüdür. Milli teatrımızın yaranmasından 152 il ötür. Mədəniyyətimiz üçün əlamətdar bir gündə milli teatrımızın ayrılmaz hissəsi olan Tbilisidəki Azərbaycan teatrının şərəfli tarixi yoluna qısa, bugünkü xoşagəlməz vəziyyətinə isə geniş nəzər salmaq yerinə düşər.
Teleqraf-ın Gürcüstan bürosu xatırladır ki, teatrın yaranma tarixi ilə bağlı iki versiya mövcuddur. Bəzi mənbələrə əsasən, teatr ilk tamaşasını 1873-cü ilin martın 25-də — Bakıda ilk tamaşanın nümayişindən 15 gün sonra təqdim edib. Digər mənbələrdə isə bu tarix 1872-ci il göstərilir. Bakıdaki kimi Tiflisdə də ilk tamaşa dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovun “Lənkəran xanının vəziri” komediyası olub.
Zəngin tarixə malik Tbilisidəki teatrımız keşməkeşli inkişaf yolu keçib. Əsas çətinliyi daimi məşq və tamaşa yerinin olmaması olub. Tamaşalar şəxsi evlərdə, Tiflisin müxtəlif teatrlarının səhnələrində, klublarda, zirzəmilərdə göstərilib. Teatr rəsmi statusunu 1922-ci ildə alıb. Mədəniyyət ocağı 1947-ci ildən 2004-cü ilədək 57 il müddətində fəaliyyət göstərməyib.
Mirzə Fətəli Axundovun adını daşıyan mədəniyyət ocağına 2004-cü ildə ümummilli lider Heydər Əliyevin adı verilib.
Binasızlıq əbədi problem kimi
Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı binasızlıqdan bu gün də korluq çəkir. Hər il hazırlanan 1-2 tamaşa Gürcüstanın müxtəlif teatrlarının səhnələrində nümayiş etdirilir. Tamaşalarda rol alanlar eyni həvəskar aktyorlardır. Bəs teatrda yetişən peşəkar aktyorlar haradadır? Bu barədə bir az sonra.
Teatrın Qorqasali küçəsi 1 ünvanında yerləşdiyi binanın illərdir qəzalı, bərpasının isə mümkünsüz olduğu iddia edilir. Binanın ümumi sahəsi 3 200 kv metr təşkil edir. Tikilinin böyük hissəsində məcburi köçkünlər məskunlaşıb və onlar yaşayış sahələrini özəlləşdiriblər. Teatra aid 800 kv metr sahə isə olduqca acınacaqlı, yaradıcılıq üçün yararsız haldadır. Bu dramatik vəziyyət son 20 ildir dəyişməz olaraq qalmaqdadır.
Binanın qəzalı olduğu bildirilsə də, birinci mərtəbəsində restoran və mağazalar fəaliyyətlərini davam etdirirlər. Bu fakt binanın həqiqətən də qəzalı olmasına ciddi şübhə yaradır. Binanın bir hissəsi qəzalı, digər hissəsi isə qəzasız necə ola bilər?
2023-cü ilin oktyabrın 27-də elə həmin küçədə, Azərbaycan səfirliyinin binası yaxınlığında teatr üçün yeni binanın təməli qoyulub.
Həmin gündən ötən dövr ərzində ərazidə binanın inşası ilə bağlı hər hansı bir nəzərəçarpacaq proses müşahidə olunmur. İnşa işlərinə başlamaq üçün ərazinin ətrafında bir neçə tikilinin sökülməsi tələb olunur. Hazırkı mərhələdə bu istiqamətdə danışıqların aparıldığı bildirilir. Tikinti işləri üçün tələb olunan müddət planlaşdırılan müddətdən çox ola bilər. Belə ki, ərazidəki mədəni irs abidəsi olan keçmiş “Seyidabad hamamı”nın binası da bərpa edilməlidir. Məlum olduğu kimi, tarixi binanın rekonstruksiyası və konservasiyası üçün həm uzun müddət, həm də böyük vəsait tələb olunur.
Teatrda böhran — Kimdir müqəssir?
Teatr üçün yaxın gələcəkdə bina inşa olunacaq. Bu, öz yerində. Amma binasızlıqdan əlavə teatrla bağlı ciddi narahatlıq doğuran digər vəziyyət də var. Bu, mədəniyyət ocağında son beş ildə hökm sürən böhrandır. Durğunluq dövrü 2020-ci ildə 8-i peşəkar olmaqla 11 aktyorun işdən azad edilməsi ilə başlayıb. Yeni təyin olunan bədii rəhbər Turqay Vəlizadə bunu həmin aktyorların altı ay ərzində işə gəlməmələri ilə əlaqələndirmişdi. Aktyorlar T.Vəlizadənin təyinatına etiraz əlaməti olaraq teatrda fəaliyyətlərini dayandırmışdılar. Truppa yeni bədii rəhbəri qeyri-peşəkarlıqda və səriştəsizlikdə günahlandırmışdı.
Qeyd edək ki, T.Vəlizadə teatra təyin olunan ilk azərbaycanlı bədii rəhbərdir. Ona qədər bu vəzifəni gürcülər tutub.
“Teatrımız hara gedir?”
İşdən azad olunmuş aktyorlardan biri, “Beez” uşaq teatrının təsisçisi və bədii rəhbəri Binəli İslamoğlu Teleqraf-ın yerli bürosuna açıqlamasında deyib ki, 11 nəfərin bir gündə işdən azad edilməsi dram teatrının bu gün fəaliyyətsiz vəziyyətə düşməsinə gətirib çıxarıb:
“Bizim Turqayı istəməməyimizin əsas səbəbi onun işə məsuliyyətsiz yanaşması, aktyorlar üçün SOCAR-ın ayırdığı qonorarları verməməsi və daha sonra bu məsələ ilə bağlı ona zəng etdiyimizdə zənglərimizə cavab verməməsi idi. Harada və ya hansı teatrda görmüsünüz ki, bir tamaşanın bərpası üç ay çəksin? Turqay isə bu formatda çalışırdı. Bu hadisələr bizi boykota qədər apardı. Bir çox adam bunun sadəcə şəxsi konflikt və ya “stul davası” olduğunu desə də, əslində problem Turqayın məsuliyyətsiz davranışı idi. Şəxsən mənim Turqayla heç bir şəxsi qərəzliyim yox idi. Sadəcə olaraq, onun bizə qarşı məsuliyyətsiz yanaşması bu nəticəyə gətirib çıxardı”.
Aktyor hesab edir ki, bu gün Turqay Vəlizadə Azərbaycan teatrını uçuruma aparır:
“Gedin soruşun: Niyə tamaşa hazırlamırsan? Niyə qapılar bağlıdır? Sizə deyəcəklər ki, bina qəzalı vəziyyətdədir. Yaxşı, bəs binanın aşağı mərtəbəsində fəaliyyət göstərən restoranlar və marketlər necə işləyir? Görünür ki, bu, qəsdən edilir və məsələ Turqayın əli ilə baş verir. Nədənsə elə gəlir ki, tarix təkrarlanır. Teatr yekəxanalığı sevmir, belə insanlar teatrda olmamalıdır”.
B.İslamoğlunun sözlərinə görə, teatrın 57 illik fasiləsi Gürcüstanda yaşayan azərbaycanlılar arasında böyük bir boşluq yaratmışdı.
“Tam 57 il teatrsız qalmaq, teatrdan uzaq düşmək insanları bu sənətdən uzaqlaşdırmışdı. 2004-cü ildə yenidən fəaliyyətə başlayan teatr tədricən öz missiyasına qayıtdı. Yeni tamaşalar hazırlanırdı, qastrol səfərləri olurdu və unudulmuş teatr mədəniyyəti cəmiyyətə yenidən aşılanırdı. 2004–2020-ci illər arasında bir-birindən gözəl tamaşalar səhnələşdirildi və öz sözünü demiş rejissorlarla çalışdıq, onlardan öyrəndik. Həmin illərdə səhnəyə qoyulan tamaşalar göz önündə idi. Bu gün isə bunu görmək mümkün deyil”.
Onun fikrincə, böhran vəziyyətdən çıxış yolu yalnız T.Vəlizadənin teatrdan getməsidir:
“Teatr isə fəaliyyətini davam etdirmək üçün gəncliyini teatra həsr etmiş gəncləri geri çağırmalı və daha geniş aktyor truppası ilə işini sürdürməlidir. Bu gün isə cəmiyyətin hər bir üzvü bu sualı verməlidir: Teatrımız hara gedir? Bütün icmamız bu məsələyə fokuslanmalıdır. Çünki bu teatr bizə babalarımızdan qalmış bir mirasdır, mədəniyyətimiz və kimliyimizdir. Bu gün təkcə feysbukda status yazmaqla deyil, birləşərək bu teatr mirasımızı qorumalıyıq. Həmçinin, həmin şəxsi sorğulamalıyıq: Bu günə qədər teatr üçün nə etmisən? Və biz öz teatrımıza sahib çıxmalıyıq!”
“Belə mühitdə hansı yaradıcılıqdan söhbət gedə bilər?”
20 ildir teatrda çalışan aktrisa Aida Tağıyeva ilə də həmsöbhət olduq. O, mədəniyyət ocağında əsl yaradıcı prosesin getmədiyini, tamaşaların hesabat vermək xatirinə hazırlandığını söyləyib. Aktrisa mövcud vəziyyət səbəbindən hətta teatrdan uzaqlaşmaq fikrində də olub:
“Əvvəllər teatrımızın hər tamaşası mədəni hadisəyə çevrilirdi. Tamaşaçılardan rəğbət dolu şərhlər, mesajlar və təşəkkürlər alırdıq. Son illərdə səhnələşdirilən tamaşaların uğurlu olduğunu demək olmaz. Teatrın təcrübəli aktrisalarına rollar hərdənbir verilir. Yeni peşəkar aktyorlar cəlb edilmir. Bədii rəhbərimiz qərəzli insandır. Bu səbəbdən sənət yarada bilmir. Belə mühitdə hansı yaradıcılıqdan söhbət gedə bilər? Əlbəttə ki, vəziyyətlə bağlı narazılığımı dəfələrlə ifadə etmişəm. Amma intizamı pozduğuma görə xəbərdarlıq almışam, işdən qovulacağımla bağlı hədələnmişəm. Doğrusunu desəm, artıq teatrın bir hissəsi olmaqdan utanıram. Görünən odur ki, ildə 1-2 tamaşanın qoyulması ilə bağlı hesabat Mədəniyyət Nazirliyini tam qane edir. Nazirliyin teatrla bağlı işi yalnız illik büdcəni ayırmaqdan ibarətdir. Amma mədəniyyət ocağında baş verən sənətdən uzaq xoşagəlməz hallar qurumu qətiyyən maraqlandırmır. Belə çıxır ki, hazırkı bədii rəhbər nazirliyin istəklərini tam qarşılayır”.
“Tək çıxış yolu var”
Aktrisa teatrda hökm sürən böhranın aradan qaldırılması üçün çıxış yolunu həmkarı Binəli İslamoğlu kimi azərbaycanlı icmanın fəallığında görür:
“İcmamızın teatrın son illərdəki durumuna susqun və laqeyd yanaşması çox məyusedicidir. Azərbaycanlıları sanki teatrımızın bu günü qətiyyən maraqlandırmır. Sual verən yoxdur ki, teatr niyə bu vəziyyətdədir. Tək çıxış yolu icmamızın teatra sahib çıxmasıdır. Təəssüflər olsun ki, teatrın durumu icma daxilində hərdənbir müzakirə olunan mövzudur. Amma bu məsələ daima diqqət mərkəzində saxlanılmalı, teatrımız durğunluqdan birgə səylərlə xilas edilməlidir. Teatrdakı böhranla bağlı fikirlərimi çox paylaşmışam, amma icmanın reaksiyası passiv olub. Hər məsələyə münasibətdə aktivlik göstərən icmamız teatra gələndə nədənsə susmağa üstünlük verir. İcmanın teatrla bağlı nə münasibəti, nə də rəyi formalaşıb”.
Bəs icmada nə deyirlər?
Gürcüstan parlamentinin keçmiş deputatı Ramiz Bəkirovun sözlərinə görə, Tbilisidəki teatrımız bizim milli varlığımızın nişanəsidir:
“Tiflis Azərbaycan teatrı hər zaman adlı-sanlı teatr olub. Uşaqlıqdan xatirimdədir ki, qohumlarım, həmkəndlilərim Tiflisə alış-verişə hər yollananda hökmən teatra gedib tamaşalara baxırdılar. Onlar teatra getməyi özlərinə bir borc bilirdilər. Həmin vaxtlar Üzeyir Hacıbəylinin əsərləri tez-tez səhnəyə qoyulurdu. Təəssüflər olsun ki, mədəniyyət ocağımız uzun illər fəaliyyətsiz qaldı. Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze onun açılması barədə 1998-ci ilin mayın 15-də qərar verdi. Həmin vaxt mənim parlamentdə təmsil olunduğum dövrə təsadüf edib. Mən və həmkarlarım Hidayət Hüseynov, İsak Novruzov, mərhum Zümrüd Qurbanlı Gürcüstanın Teatr İnsitutuna azərbaycanlılar üçün qrupun yaradılması xahişi ilə müraciət etdik. Qrup yaradıldı. Təhsilini başa vuranların bir qismi gələcək talelərini teatrla bağladı”.
Ziyalının fikrincə, teatr üçün ilk növbədə bina inşa olunmalı və Azərbaycan dramaturqlarının əsərlərinə böyük yer verilməlidir.
“Teatrımızda Azərbaycan mədəniyyətinə yaraşan ab-hava olmalıdır. Təəssüflər olsun ki, teatrın repertuarında dramaturqlarımızın əsərlərinə rast gəlinmir. Bu çox ağrılı məsələdir. Teatr kollektivi zəhmət çəkib zəngin dramaturgiyamızla tanış olsun. Əlbəttə gürcü və dünya ədəbiyyatına da müraciət olunmalıdır. Amma öncə hökmən öz yazıçılarımızın əsərlərinə yer verilməlidir. Son illərdə təqdim olunan səhnə əsərləri tamaşaçı kimi mənim də ürəyimcə deyil”.
Bədii rəhbərin etinasızlığı
Teatrın bu günü barədə danışmaq üçün T.Vəlizadə ilə də əlaqə saxladıq. Zənglərə cavab verməyən bədii rəhbər messencerlə yazılan mesajı cavablandırmaqla kifayətlənib. O, öncə yazılacaq məqalə ilə tanış olmaq istədiyini bildirib. Məqalənin nədən ibarət olacağı onun diqqətinə çatdırılsa da, açıqlama verib-verməyəcəyini bildirməyib. Onun nəzərinə çatdıraq ki, jurnalist məqalə üçün kimdənsə açıqlama alanda, yazını tanışlıq üçün həmin şəxsə göndərmək kimi bir öhdəlik mövcud deyil. Digər tərəfdən, görünən dağa nə bələdçi? Son illərdə yaxından aparılan müşahidələr onu deməyə əsas verir ki, teatrımızın bu günü ürəkaçan deyil. Teatr bir məbəddir, bu gün teatrda baş verənlər böyük tarixə malik müqəddəs yerə qətiyyən yaraşmır.
Bədii rəhbərin etinasızlığından sonra teatra baş çəkməyə qərar verdik. Lakin iş günü olsa da, qapısı qıfıllı idi.
Teatrımızla bağlı icmanı təmsil edən ziyalılar və mədəniyyət xadimlərinin ictimai müzakirə təşkil etməsinə böyük zərurət yaranıb. Mədəniyyət ocağı icmaya məxsusdur, “dirilməsi” məhz onun əlindədir.
Teatrın tarixi düzgün təbliğ olunmur
Sonda onu da qeyd edək ki, teatrın qəzalı olduğu deyilən binasına 2016-2017-ci illərdə Avropa İttifaqı və Avropa Şurasının həyata keçirdiyi layihə çərçivəsində vurulmuş lövhədəki məlumatda bir neçə yanlışlığa yol verilib. Ağ lövhənin üzərindəki yazı: “Teatr Tbilisidə 20-ci əsrin əvvəlindən fəaliyyət göstərir və tamaşaları azərbaycan dilində təqdim edir”. İlk baxışda dilimizdəki bir cümləlik məlumatda bir səhv - azərbaycan sözünün kiçik hərflə yazılması diqqətimizi cəlb edir. Lakin lövhədə üç dildə ən böyük yanlışlıq teatrın tarixi ilə bağlıdır.1872-1873-cü illərdə yaranan teatrın fəaliyyətə başlaması XX əsrin əvvəllərinə aid edilib. Teatr rəsmi statusunu 1922-ci ildə əldə edib və əgər məlumatda bu tarixə işarə olunursa, “rəsmi” sözü mütləq əlavə edilməli idi. Digər qeyri-dəqiqlik tamaşaların Azərbaycan dilində təqdim olunması ilə bağlıdır. Səhnə əsərləri əsasən Azərbaycan dilindədir, amma teatrın repertuarında gürcü dilində də tamaşalar olub və var.
Lövhədəki yanlışlıqlarla bağlı Avropa Şurasının Gürcüstan nümayəndəliyinə edilən müraciətdə bildirilib ki, həmin məlumat Tbilisi Şəhər Şurası tərəfindən təqdim olunub. Buna görə də Tbilisi yerli hakimiyyət orqanına müraciət ünvanlamaq tövsiyə edilib. Məsələ ilə bağlı Azərbaycanın Gürcüstandakı səfirliyi də məlumatlandırılıb. Lövhənin yenilənməsinə nail olmaq üçün müvafiq işlərin görüləcəyi gözlənilir.