BAKI, 10 mart. TELEQRAF

2024-cü ildə elektron ticarət üzrə aparılan kart əməliyyatlarında mühüm dərəcədə artım müşahidə edilib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın ötən il üzrə “Rəqəmsal Ödənişlər İcmalı”nda qeyd edilib.

Bildirilib ki, 2019-cu ildə kart əməliyyatlarının 31%-i e-ticarət üzərindən həyata keçirilirdisə, 2024-cü ildə bu göstərici 56%-ə çatıb.

Bundan əlavə, ötən il kart əməliyyatlarının bonkamatlar vasitəsilə həyata keçirilməsi üzrə göstərici 10 faizə enib. Halbuki 2019-cu ildə bu, 52 faiz təşkil etmişdi.

POS-terminal ödənişlərinin çəkisi isə 2019-cu ildə 17%, 2024-cü ildə isə 34%-ə yüksəlib.

Əlavə olaraq onu da bildirək ki, ötən il ölkəxarici ödənişlərdə ən çox istifadə olunan kateqoriyalar pərakəndə ticarət (54.2%), nəqliyyat (15.6%) və səyahət və əyləncə (12.7%) təşkil edib. Ölkədaxili nağdsız ödənişlərin böyük hissəsi isə bank və maliyyə xidmətlərinə (77.5%) yönəlib, pərakəndə ticarət ödənişləri isə 12.7%-i təşkil edib.