BAKI, 10 mart. TELEQRAF

Hələlik imtahanların nəticələri təhlil edilmədən konkret fikir söyləmək doğru deyil. Lakin tam orta təhsil səviyyəsi üzrə martın 2-də və 9-da keçirilən imtahanların məzmununu (o cümlədən riyaziyyat fənni üzrə) müqayisə etdikdə mürəkkəblik səviyyəsinin oxşar olduğunun şahidi ola bilərək.

Bunu Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə bildirib.

Xatırladaq ki, ötən gün Teleqraf-ın əməkdaşı DİM tərəfindən təşkil olunan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını müşahidə etmək üçün 167 nömrəli məktəbdə olub, abituriyentlər riyaziyyat fənnindən düşən sualların çətin olduğunu bildiriblər. Sosial şəbəkələrdə də bir çox şagirdlər bu iddia ilə çıxış ediblər.

X.Xanlarzadənin sözlərinə görə, DİM-in test bankında tapşırıqlar mürəkkəblik dərəcələrinə görə kateqoriyalara ayrılır və imtahanlarda istifadə olunan bütün testlər standart alqoritm vasitəsilə eyni prinsiplə formalaşdırılır.

"Hər bir test blokuna daxil edilən tapşırıqların mürəkkəblik dərəcələri üzrə paylanması eyni olur. Buraxılış imtahanları 2 istiqamət üzrə keçirilib və nəticələr əsasında dünyada qəbul olunmuş elmi-statistik metodlar vasitəsilə test variantlarının müqayisəli təhlili aparılacaq və digər məlumatlarla birlikdə ictimaiyyətin diqqətinə çatdırılacaq.

İmtahan nəticələrinin 6 həftə sonra elan olunması nəzərdə tutulur. Uzun illərin elmi-statistik təhlilləri göstərir ki, müxtəlif zonalar üzrə keçirilən imtahanların çətinlik dərəcəsi arasında fərq məqbul statistik xəta payı çərçivəsindən kənara çıxmır", - o, vurğulayıb.