BAKI. 1 mart. TELEQRAF

İspaniyanın "Barselona" klubunun prezidenti Joan Laporta baş məşqçi Hans Flikin 60 illik yubiley tədbirində iştirak edə bilməyib.

Teleqraf AS nəşrinə istinadən xəbər verir ki, səbəb 63 yaşlı funksionerin Azərbaycana səfərə gəlməsidir.

Flik şam yeməyinə klub rəsmilərindən Laporta administrasiyasının rəhbəri Manana Giorqadze, Laportanın keçmiş kürəkəni Alexandro Eçeverriya, habelə texniki katiblikdən Deku və Boyan Krkiçi dəvət edib.

Öncədən tədbirə bütün komandanın çağırılacağı güman edilirdi. Lakin yeməyə baş məşqçinin yalnız etibarlı yoldaşları dəvət alıblar. Bunlar köməkçi-məşqçilər Markus Zorq, Toni Tapaloviç və Hayko Vestermann, eləcə də texniki personalın digər üzvləri olub.

Yeməkdə Flik hələ Almaniya "Bavariya"sının baş məşqçisi olduğu vaxt komandada futbolçu kimi çıxış etmiş Tiaqo Alkantara da iştirak edib. Alkantara "Barselona"da bir müddət baş məşqçinin köməkçisi də işləyib və onun komandaya tezliklə qayıdışı istisna olunmur.

Qeyd edək ki, Hans-Diter Flikin 60 yaşı fevralın 24-də tamamlanıb. Komandanın futbolçuları onu məşqdə təbrik ediblər. Flik La Liqada "Real Sosyedad"la oyunun martın 2-nə keçirildiyini nəzərə alaraq, fevralın 28-də özünə ad günü keçirib.