
BAKI, 1 mart. TELEQRAF
"Kəpəz"in futbolçusu Elmir Tağıyev Teleqraf-a müsahibə verib. 25 yaşlı yarımmüdafiəçi səfərdə “Neftçi”yə 0:1 hesabı ilə məğlub olduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşü barədə fikirlərini bölüşüb, gündəmdə olan digər məsələlərə münasibətini bildirib:
- Cavab görüşündə də məğlub oldunuz. Oyunu necə dəyərləndirirsiniz?
- 0:2 hesabı ilə uduzduğumuz ilk oyuna nəzərən daha yaxşı oynadıq. Yaratdığımız qol epizodlarından istifadə edə bilmədik. Hava şəraiti də bizi narahat etdi.
- "Neftçi"nin futbolçusu Bassala Sambunun sizi zədələyərək qırmızı vərəqə aldığı epizod barədə nə deyə bilərsiniz?
- Məncə, təmiz qırmızı vərəqə idi.
- Rəqibin baş məşqçisi Samir Abasov oyundan sonra "VAR-ı rədd etmək, situasiyaya uyğun məntiqli qərar vermək lazımdır" dedi...
- Heç VAR-a ehtiyac yox idi, rəqib futbolçu ayağıma zərbə endirdi. Qayda pozuntusu baş hakim Rəşad Əhmədovun gözünün qarşısında baş verdi. Qırmızı vərəqə təmiz idi.
- "Neftçi"ni keçməyə ümid edirdiniz?
- Təbii ki, mərhələni keçmək istəyirdik. Yaxşı hazırlaşmışdıq, amma alınmadı. İndi bizim üçün çempionat daha vacibdir.
- 3 gün sonra Premyer Liqada Tovuz şəhər stadionunda "Neftçi" ilə qarşılacaqsınız. Nominal meydan sahibi kimi "Kəpəz" daha motivasiyalı oynaya biləcəkmi?
- Bizim üçün vacib olan çempionatda qalmaqdır, buna köklənmişik. Məncə, daha yaxşı olacağıq, çünki çox yaxşı hazırlaşırıq. Kollektivimiz yalnız çempionata köklənib.
- Premyer Liqada qalmaq uğrunda rəqibləriniz kimdir?
- "Sumqayıt" artıq 10 oyundur qol vura bilmir, bir az enişdədirlər. Amma bu, onları keçəcəyimiz anlamına gəlmir. Məncə, rəqiblərimiz "Sumqayıt", "Şamaxı" və "Səbail"dir.
- "Kəpəz"ə yeni sponsorun gəlişi futbolçuların əhval-ruhiyyəsində dəyişiklik edib?
- Sponsorun gəlişi komandada əlavə motivasiya yaradır. Amma bu barədə ətraflı danışa bilmərəm. Çünki məlumatım yoxdur.
- Premyer Liqanın ötən turunda "Zirə", indi isə kubokda "Neftçi" ilə qarlı havada oynamalı oldunuz. Bu, sizdə yorğunluq yaratdı?
- "Zirə" ilə oyundan öncə iki gün məşq edə bilmədik, yollarda qaldıq. Bunlar yorğunluq yaratsa da, bəhanə etmək istəmirik. Mənə elə gəlir ki, komandamız yaxşı oynadı, yalnız qol epizodlarından istifadə edə bilmədik.
- "Kəpəz"in əsas oyunçularından biri Orxan Əliyev qış transfer pəncərəsində "Turan Tovuz"a keçdi. Bu, komandanın gücünə nə qədər təsir edir?
- Orxan Əliyev heyətimizin lazımlı oyunçusu idi, amma onun gedişindən sonra komandanın enişə keçəcəyini demək olmaz. Yeni oyunçularımız gəlib, onlar da formaya düşəndən sonra daha yaxşı olacağıq.
- Premyer Liqada 9-cu pilləni tutaraq çempionatda qalmaq istəyirsiniz, yoxsa daha da irəli getmək niyyətindəsiniz?
- Həm məşqçilərin tapşırığına görə, həm də biz futbolçular yerimizdə qalmağa köklənməmişik. Daha yuxarı qalxmaq istəyirik. Məncə, belə də olacaq.
- Növbəti mövsümdən legioner limitinin ləğvi qərarı sizə bir yerli oyunçu kimi necə təsir edəcək?
- Məncə, limitin ləğvi düzgün qərar deyildi. Amma dəqiq heç nə deyə bilmərəm, gələn il nə olacağını birlikdə görəcəyik.
- Bəs özünüz legioner həyatı yaşamağı düşürsünüzmü?
- Zədədən yeni qayıtmışam, 4 aydır futbol oynamırdım. Öz formama düşməyə çalışıram. Yalnız bunu fikirləşirəm. Gələcəkdə nə olacağını dəqiq bilmirəm.
- Gələcəyinizi "Kəpəz"ə bağlayırsınız?
- Hər şey ola bilər.