BAKI, 1 mart. TELEQRAF

İki komanda tarixində ilk dəfə Azərbaycan Kubokunun yarımfinalında oynayacaq.

Teleqraf Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, cari mövsümədək 1/4 final səddini adlaya bilməyən “Sabah” və “Araz-Naxçıvan” kubok tarixində ən yaxşı nəticələrinə imza atıb.

Bir mövsümdə iki klubun ilk yarımfinalına çıxması son 21 ilin rekordunun təkrarıdır. 2022/23 mövsümündə də indiki kimi 2 komanda ilkə imza atıb. Həmin vaxt “Səbail”lə “Turan Tovuz” fərqlənib.

Daha çox komandanın yarımfinala yeni ad olmasına sonuncu dəfə 2004/05 mövsümündə təsadüf olunub. Həmin vaxt “MKT-Araz”, “İnter” və “Xəzər Lənkəran” ilk dəfə yarımfinala adlayıb.