
BAKI, 25 fevral. TELEQRAF
Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionunda ölkələrin suverenliyi və yurisdiksiyası altında nəqliyyat əlaqələrinin bərpası strategiyasını dəstəkləyir.
Teleqraf xəbər verir ki, bunu İrəvanda keçirilən Ermənistan-Aİ Parlament Tərəfdaşlığı Komitəsinin sessiyasındakı çıxışında Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos deyib.
Diplomat xatırladıb ki, ötən ilin yayında Brüssel Avropa Sülh Fondu vasitəsilə Ermənistanı (hərbi cəhətdən) dəstəkləmək qərarı verib.
“Ermənistan rəhbərliyini təhlükəsizlik dialoqlarına cəlb etmişik”, - Maraqos bildirib.
Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası prosesinə toxunan səfir qeyd edib: “Sülh sazişi çərçivəsində qarşılıqlı məqbul həll yolları tapmağa çalışırıq. Həmçinin Aİ müvafiq ölkələrin suverenliyi və yurisdiksiyası altında regional nəqliyyat əlaqələrinin bərpası strategiyasını dəstəkləyir. Bu çərçivədə baxışımız (İrəvanın bununla bağlı) “Sülh qovşağı” konsepsiyasını əhatə edir”.
Ümumilikdə Ermənistanın müdafiəsinə yönəlmiş çıxışında Vasilis Maraqos Qarabağla bağlı Azərbaycanın əleyhinə təxribatçı açıqlama da verib. Avropadakı diplomat ermənilərin Qarabağdan könüllü getmələrini “zorla köçürülmə” adlandıraraq qeyd edib ki, Aİ o zamandan Ermənistanın yanındadır.
Toplantıda çıxış edən Ermənistan parlamentinin sədri Alen Simonyan, Aİ-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin həmsədri Nils Uşakovs və digər iştirakçılar da bu kontekstdə provokativ açıqlamaları ilə diqqət çəkiblər.