BAKI, 24 fevral. TELEQRAF

Azərbaycan milli komandası 2025-ci təqvim ili ərzində 10 görüş keçirəcəyinə dair UEFA qarşısında kommersiya öhdəliyi götürüb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, qarşılaşmalardan 6-sı 2026-cı il dünya çempionatının seçmə mərhələsinə təsadüf edəcək. 4 komandalı D qrupunda yer alan Azərbaycan millisi rəsmi oyunlarını bu il sentyabrın 5-də və 9-da, oktyabrın 10-da və 13-də, noyabrın 13-də və 16-da keçirməlidir.

Belə olan halda təqvimdə 4 oyun günü qalır ki, bunlar da 22 mart, 25 mart, 7 iyun və 10 iyun tarixləridir. Yığma martın 25-də Belarus və iyunun 10-da Macarıstanla evdə, iyunun 7-də Latviya ilə səfərdə üz-üzə gəlməlidir.

Martın 22-də görüş keçirmək üçün isə hələ rəqib tapılmayıb. Baxmayaraq ki, bir aydan da az müddət qalıb.

Yoldaşlıq görüşlərindəki rəqiblərindən ikisi - Belarus və Macarıstan 4 komandalı müvafiq olaraq, C və F qruplarında, Latviya isə 5 komandalı K qrupunda yer alıb.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində oyunlarını Millətlər Liqasının Fransa - Xorvatiya cütünün qalibi, Ukrayna və İslandiyaya qarşı ev və səfər prinsipi ilə keçirəcək.