
BAKI, 25 fevral. TELEQRAF
Prezident İlham Əliyev “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə Azərbaycanın qoşulması ilə bağlı tədbirlər haqqında
sərəncam imzalayıb.
Teleqraf xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabineti üç ay müddətində aşağıda göstərilən bəndlər barədə təkliflərini hazırlayıb Prezidentə təqdim etməlidir.
- emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi;
- emal edilməmiş almazın ixracı ilə əlaqədar “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydası;
- emal edilməmiş almazın gömrük rəsmiləşdirilməsinin “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə uyğunlaşdırılması;
- sərəncamda qeyd olunan fəaliyyətin rəqəmsallaşdırılması;
- emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi zamanı mühafizənin təşkili;
Həmçinin Nazirlər Kabineti dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə emal edilməmiş almazın gemoloji xüsusiyyətlərinin müəyyən edilməsi üzrə laboratoriyaların yaradılması və onların fəaliyyətinin təşkili ilə əlaqədar Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə dövlət büdcəsindən vəsait ayrılmasını təmin etməli, “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin iştirakçıları ilə qarşılıqlı əlaqələrinin qurulmasından irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.