
BAKI, 25 fevral. TELEQRAF
"Goldman Sachs"ın araşdırmasına görə, ABŞ-nin neft idxalına tətbiq etməyi planlaşdırdığı rüsumlar istehlakçılara illik 22 milyard dollar əlavə xərc yaradacaq.
Teleqraf "Bloomberg"ə istinadən xəbər verir ki, yeni tarif siyasəti hər ailənin əlavə 170 dollar xərcləməsinə səbəb olacaq.
Eyni zamanda, 10%-lik tarif tətbiq edildikdən sonra benzinin pərakəndə satış qiymətləri hər qalon üçün 7 sent bahalaşacaq.
Analitiklər vurğulayıblar ki, ölkədə hasil olunan yüngül neft ilə emal müəssisələrinin tələb etdiyi ağır neft arasındakı uyğunsuzluq səbəbindən idxal rüsumlarının artırılması yerli məhsulun istehsalını yavaşladacaq.
Qeyd edək ki, Donald Trump administrasiyası Meksika, Kanada və digər ölkələrdən neft idxalına əlavə rüsumlar tətbiq etməyə qərar verib.
"Goldman Sachs" yeni tarif siyasətinin qlobal ticarət sistemində qeyri-sabitliyə səbəb ola biləcəyini proqnozlaşdırır.