BAKI, 25 fevral. TELEQRAF

"Sabunçu rayonu mənim deputat seçildiyim ərazidir. On beş nəfərin zəhərlənməsi hadisəsindən məlumatım var. Məsələ araşdırılır".

Bunu Teleqraf-a Milli Məclisin Sabunçudan seçilən deputatı Fazil Mustafa seçki ərazisindəki kütləvi zəhərlənmə faktına münasibət bildirərkən deyib.

"Tibbi komissiya və digər strukturlar məsələnin təfərrüatları ilə məşğuldur. Hadisənin səbəbi ancaq bundan sonra tam aşkara çıxacaq. O adamların nədən zəhərləndiyi haqqında məndə heç bir məlumat yoxdur. Fikrimcə, bununla ancaq eskpertlər məşğul olmalıdır" - deyə deputat əlavə edib.

Xatırladaq ki, fevralın 22-23-də ümumilikdə 15 nəfər etil (texniki) spirtdən zəhərlənərək ölüb. Sözügedən hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibb eksperti və kriminalistin iştirakı ilə hadisə yerlərinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən daxilə qəbul edilməsi qadağan olunan tərkibində 75 və 95% spirtə malik gigiyenik vasitənin boş şüşələri, qida qalıqları və s. götürülüb, müvafiq ekspertizalar təyin olunmaqla, digər zəruri istintaq hərəkətləri icra edilib.