BAKI, 10 fevral. TELEQRAF

"Qarşıdakı oyunlarda istədiyimiz nəticəni əldə etmək üçün daha çox çalışmalıyıq”.

Teleqraf xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev öz meydanlarında “Kəpəz”lə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra mətbuat konfransında deyib.

E.Baxşıyev oyunun ağır keçdiyini bildirib: “Ağır oyun keçdi. Hər iki komandanın mübarizə apardığına şahidlik etdik. Əldə etdiyimiz qol epizodlarını dəyərləndirə bilmədik. Qarşıdaki oyunlarda istədiyimiz nəticəni əldə etmək üçün daha çox çalışmalıyıq”.

45 yaşlı mütəxəssis Ramon Maçadonun yoxluğu haqda da söz açıb: “Ramon Maçado hücum xəttinin önəmli futbolçusudur. Onun yoxluğunu hiss etmirik desəm, yalan olar. Əyyub Allaşa gəlincə, o, komandaya iki gündür qoşulub, bir az vaxta ehtiyacı var.

O, daha sonra oyunçularına inandığını vurğulayıb: “Oyunçularıma güvənirəm, inanıram. Həm Azərbaycan Kubokunda, həm də Premyer Liqada istədiklərimizə nail olmağa çalışacayıq”.

Qeyd edək ki, “Araz-Naxçıvan” bu heç-heçədən xallarının sayını 44-ə çatdıraraq 2-ci pillədəki mövqeyini möhkəmləndirib.