BAKI, 11 fevral. TELEQRAF

Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi, ədəbi dram hissə müdiri Həmidə Rüstəmova fəaliyyət göstərdiyi teatrdan ayrılıb.

Teleqraf xəbər verir ki, bu barədə Həmidə Rüstəmovanın özü sosial şəbəkə hesabında məlumat verib.

O, teatrdan ayrılmasının səbəbini iki işdə çalışması ilə əlaqələndirib.

"İstəməsəm də qərar vermək məcburiyyətində qaldım. İllərdir Mədəniyyət Nazirliyinin orqanı olan "Mədəniyyət" qəzeti ilə paralel, Azərbaycan Dövlət Kukla Teatrında da çalışırdım. Qəzet rəhbərliyi teatrdakı işimi əsas gətirərək redaksiyada aparılacaq ixtisar siyahısında mənim də adımın olduğunu bildirdi. Mən də seçim etmək məcburiyyətində qaldım. Doğma evimə, ocağıma çevrilmiş Azərbaycan Dövlət Kukla Teatrı ilə bu gündən yollarımı ayırdım".

Qeyd edək ki, H.Rüstəmova 11 il Azərbaycan Dövlət Kukla Teatrında işləyib.