BAKI, 11 fevral. TELEQRAF

44 günlük Vətən müharibəsi zamanı Gəncə və Mingəçevir şəhərləri, Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Füzuli, Goranboy (Naftalan), Beyləqan, Cəbrayıl, Kürdəmir və Qəbələ rayonları üzrə ümumilikdə dövlət və xüsusi mülkiyyətdə olan daşınan və daşınmaz əmlaklara 187 milyon manatdan artıq məbləğdə maddi ziyan vurulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesində deyib.

Həmçinin 25 epizod üzrə Şuşa şəhəri, Xocavənd rayonunun Qaradağlı kəndi, Xocalı rayonu və digər ərazilərdə köməksiz vəziyyətdə qalmış şəxslərin daşınması üçün həmin ərazilərə uçuş həyata keçirən helikopterlərin müxtəlif silahlardan atəşə tutulması, pilot və sərnişinlərə xəsarət yetirilməsi, eləcə də helikopterlərə ziyan vurulması, Bakı-Tbilisi-Ceyhan Neft Kəmərinin və Qərb İxrac Boru Kəmərinin Goranboy və Yevlax rayonları ərazisindən keçən hissəsinin partladılmasına cəhd göstərilməsi və digər terror aktlarına dair epizodlar da elan edilib.