![](https://teleqraf.az/storage/2025/02/10/715x378/renat_dadasov.jpg)
BAKI, 10 fevral. TELEQRAF
“Transfer pəncərəsi sabah bağlanacağından, qərar tezliklə veriləcək. Yəni, transferin qətiləşəcəyi dəqiqdir”.
Bu sözləri Teleqraf-a açıqlamasında Türkiyənin “Ankaragücü” klubunun baş meneceri Bekir Aracı Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovun gələcək taleyi barədə danışarkən deyib.
Klub rəsmisi 26 yaşlı hücumçunun komandadan ayrılacağına dair iddalara belə reaksiya verib: “Renat start heyət oyunçumuzdur. Lakin son 2 həftədə baş məşqçi onu oynatmır. Tamamilə texniki qərardır. Dadaşov hələ bizim sözləşməli futbolçumuzdur. Hazırda transferi ilə bağlı danışıqlar davam edir”.
Türkiyə təmsilçisinin rəsmi nümayəndəsi Dadaşovun Azərbaycan klublarından birinə transfer olunacağını istisna etməyib: “Bəli, həm Azərbaycan, həm də Türkiyədən Renatla bağlı danışıqlar apardığımız klublar var. Prosesin bu mərhələsində ad çəkməyimiz doğru olmaz. Ayrıseçkilik etmirik. Həm Renat, həm də klubumuz hansı təklifu uyğun görürsə, o klubla anlaşacağıq. Hazırda legioner futbolçularımızda say limiti var. Klubumuzun mənfəətləri mövzusunda uyğun təklifi dəyərləndirəcəyik. Yəni, Renatın bahalı oyunçu olması ilə bunun heç bir əlaqəsi yoxdur. Bu, oyunçuların performansı ilə bağlı verilən qərardır”.
Qeyd edək ki, ötən il Türkiyə I Liqa təmsilçisi “Ankaragücü”nə keçən Renat Dadaşovun müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. Türkiyə futbolunda yeni qaydalara əsasən, azərbaycanlı futbolçular da legioner statusuna keçdiklərindən, paytaxt təmsilçisi ən bahalı oyunçusunu satmaq qərarına gəlib.