![](https://teleqraf.az/storage/2025/02/10/715x378/samir_abasov.jpg)
BAKI, 10 fevral. TELEQRAF
“Bu “Neftçi” üçün ağır durumdir ki, 3 qalibiyyəti böyük iş görmüşük kimi deyirlər. Amma çempionatda bu qrafiklə davam edəcəyik”.
Teleqraf xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXII turunda səfərdə “Zirə”ni 2:1 hesabla məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis əvvəlcə gərgin qarşılaşmanı şərh edib: “Təbii ki, bütün komandalar qalibiyyət üçün meydana çıxır. Amma elə oyunlar var ki, birinci dəqiqədən istəyi göstərirsən və bu, o oyunlardan biri idi. Biz bura qələbə üçün gəlmişdik. Qol buraxandan sonra nəinki ümid qırıldı, həm də pərişan oldum. Bütün enerjimi bunun üçün sərf etmişdim. Yenə də yanımdakı köməkçilərimə dedim ki, deməli, qismət budur. Həm Ramilin yaxşı ötürməsi, həm Koffinin son toxunuşu və bu qalibiyyət mənim üçün xoş oldu”.
S. Abasov yeni transferlər barədə də fikir bildirib: “Qış fasiləsində oyunçu gətirmək çox çətindir. Sadəcə, bəzi oyunçular vardı ki, dekabrdan - çempionatda fasilə yaranan kimi onların klublarına, özlərinə, agentlərinə çökmüşdük.
Əfsus ki, o transfer alınmadı. Onlar alınsaydı Sambu gələcəkdi ya başqası, bu ayrı məsələdir. Ümid edirəm, yeni gələnlər komandaya kömək edəcək. Hücum xəttində müəyyən başlıqlar baş verdi. İndi hamı bazaya gedir. Gedib bazaya prosedurlarımız var, sonra bu planla davam edəcəyik.
Bu gün saysız-hesabsız legioner futbolçu sayaram ki, yerlilərdən geri qalmayıb. Əsas ab-havanı düzəltmək və hamısını bir nöqtəyə cəmləməkdir. Mən “Neftçi”nin martın 22-si düzələcəyini demişdim, hansı il deməmişdim. Yəni, o da var”.
Abasov Azərbaycan Premyer Liqasının XXIII turunda baş tutacaq derbi öncəsi də hazırlıqlardan söz açlb: “Bu oyundan sonra hər bir media orqanı növbəti derbiyə ümidlə baxacaq. Reallığı da götürsək, “Qarabağ” bizdən güclüdür. Amma biz öz meydanımızda oynayacağıq və hər şeyi edəcəyik ki, yaxşı nəticə qazanaq. İndi isə qələbəmizi qeyd edirik. Sabahdan etibarən hazırlığa başlayacağıq”.
Qeyd edək ki, “Neftçi” XXII turdan sonra 24 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.