BAKI, 11 fevral. TELEQRAF

2016-cı ilin aprel döyüşlərində ümumilikdə 733 daşınmaz əmlaka tamamilə və ya qismən dağıtmaqla, yandırmaqla, zədələməklə 2,4 milyon manatdan artıq məbləğdə maddi ziyan vurulub.

Teleqraf xəbər verir ki, bu barədə dövlət ittihamçısı Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesi zamanı deyib.

Məlumata görə, 2016-cı il aprelin 2-6, 24, 26-28 və 30-da iriçaplı və digər odlu silahlardan atəşlər açılmaqla Ağdam rayonu ərazisində 3 mülki şəxs qəsdən öldürülməklə, 13 mülki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə, Tərtər rayonu ərazisində 3 mülki şəxs qəsdən öldürülməklə, 11 mülki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə, Goranboy rayonu ərazisində 4 mülki şəxsə, Füzuli rayonu ərazisində 1 mülki şəxsə, Ağcabədi rayonu ərazisində 1 mülki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə ümumilikdə 6 mülki şəxs qəsdən öldürülüb, 30 mülki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülmələrinə cəhd edilib, eləcə də ümumilikdə 733 daşınmaz əmlaka tamamilə və ya qismən dağıtmaqla, yandırmaqla, zədələməklə 2,4 milyon manatdan artıq məbləğdə maddi ziyan vurulub.