BAKI, 11 fevral. TELEQRAF

"1991-ci il noyabrın 20-də içərisində Azərbaycan Respublikasının dövlət nümayəndələri, Rusiya Federasiyasının və Qazaxıstan Respublikasının müşahidəçilərinin olduğu helikopter Xocavənd rayonuna eniş etmək üçün həmin rayonun Qarakənd kəndi ərazisi üzərindən aşağı məsafədə uçarkən cinayətkar təşkilatın üzvləri bundan məlumat alaraq AK-74 konstruksiyalı pulemyot və avtomat silahlarla təxminən 30 dərəcəli bucaq altında 300 metr məsafədən həmin helikopterə intensiv atəşlər açmaqla hücum edib helikopteri zədələyərək idarə etmədən çıxarmağa nail olublar"

Teleqraf xəbər verir ki, bu barədə dövlət ittihamçısı, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev bu gün erməniəsilli Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesi zamanı deyib.

Bildirib ki, nəticədə Qarakənd kəndinin şərqində, dağın şimal yamacından 5 kilometr aralıda kəndarası torpaq yola perpendikulyar şəkildə çırpılıb partlamaqla yanmış helikopterdə olmuş Azərbaycan Respublikasının sabiq Baş prokuroru Qayıbov İsmət İsmayıl oğlu, Azərbaycan Respublikasının daxili işlər naziri Əsədov Məhəmməd Nəbi oğlu, Azərbaycan Respublikasının Dövlət katibi İsmayılov Tofiq Kazım oğlu, Azərbaycan Respublikası Baş nazirinin müavini Hacıyev Zülfü Saleh oğlu, Azərbaycan Respublikası Milli Məclisinin millət vəkilləri Cəfərov Vaqif Cəfər oğlu və Məmmədov Vəli Hüseyn oğlu, Qazaxıstan Respublikası daxili işlər nazirinin müavini Serikov Sanlal Dosumoviç, telejurnalist Mustafayev Alı Mustafa oğlu, videooperator Şahbazov Fəxrəddin İbrahim oğlu, işıq operatoru Hüseynzadə Arif İsmayıl oğlu, Azərbaycan Respublikası meliorasiya və su təsərrüfatı nazirinin birinci müavini Namazəliyev Qurban Hüseyn oğlu, Azərbaycan Respublikası Prezidenti Aparatının şöbə müdiri Mirzəyev Osman Mirzəhüseyn oğlu, Azərbaycan Respublikasının Dövlət katibinin köməkçisi Məmmədov Rafiq Məmməd oğlu, Fövqəladə vəziyyət rayonunun komendantı Jinkin Nikolay Vladimiroviç, milis general-mayoru Lukaşov Mixail Dmitriyeviç, polkovnik-leytenant Koçeryov Oleq Nikolayeviç, eləcə də Dağlıq Qarabağ üzrə Milli təhlükəsizlik şöbəsinin rəisi İvanov Sergey Semyonoviç, Azərbaycan Respublikası Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru Plavskin İqor Aleksandroviç, Dağlıq Qarabağ Muxtar Vilayətinin Daxili işlər idarəsinin rəisi Kovalyev Vladimir Vladimiroviç, habelə helikopterin uçuş heyətinin 3 üzvü - Kotov Vyaçeslav Vladimiroviç, Dolqov Gennadi Vladimiroviç və Yarovenko Dmitri Borisoviçə ağır dərəcəli müxtəlif bədən xəsarətləri yetirməklə xidməti vəzifələrini icra edən 22 nəfər qəsdən öldürülüb.