![](https://teleqraf.az/storage/2025/02/10/715x378/40dbf9d3-2e26-4289-8947-b1a6295150ba.jpg)
BAKI, 10 fevral. TELEQRAF
“Türkiyədə rəqabət çox çətindir, amma məcburən, ölkəmə qayıtmamaq, “kimsə getdi-qayıtdı” tilsimini qırmaq üçün buradayam. Hansı ki “o getdi, bacarıb qaldı” söylənilməsi üçün davam edirəm”.
Bu sözləri Teleqraf-a müsahibəsində Azərbaycan millisinin və Türkiyənin “Çorum” komandasının futbolçusu Coşqun Diniyev deyib.
30 yaşlı yarımmüdafiəçi həm transferi, həm də digər mövzularda sualları cavablandırıb:
- “Bandırmaspor”dan niyə ayrıldınız? Bir müddət öncə Azərbaycana qayıdacağınızla bağlı da xəbərlər yayılmışdı...
- Azərbaycandan heç bir təklifim yox idi. “Bandırmaspor”da artıq xoşbəxt deyildim, qərarımı vermişdim. Oynadığım mövqe ilə bağlı idi ki, bunu klub da görürdü. Karyeram boyunca hər zaman “6” və “8” nömrə kimi oynasam da, orada məcburən “10 nömrə” mövqeyində yoxlanılırdım. 15 həftə o mövqedə oynadım. Həmin mövqe mənə uyğun deyildi. Bunu komanda rəhbərliyi də bilirdi. “Çorum” isə mövsümün əvvəlində, “Bandırmaspor”a gəlməmişdən mənə təklif göndərmişdi. Amma müqavilə detallarında razılaşmamışdıq. Bu dəfə isə menecerimlə əlaqə saxladıdan sonra “Çorum”la danışdıq. Maddi tərəfdən də anlaşdığımız üçün "Bandırmaspor"dan qarşılıqlı razılıq əsasında ayrılaraq, "Çorum"a transfer olundum.
- Komandanızı dəyişməyiniz milli komandada çıxışınıza necə təsir göstərəcək: Uyğunlaşma prosesi çətinlik yaratmayacaq?
- Xeyr, heç bir çətinlik yaratmayacaq. Mən də artıq türklərdən biri sayılıram, ona görə hansısa kluba gedəndə çətinlik yaşamıram. Dünən də burada ilk məşqimə çıxdım. Sanki keçmiş komandamda məşq edirdim. Yəni, futbolçuların çoxunu tanıyırdım. Uyğunlaşma mövzusunda heç bir çətinliyim yoxdur. Milliyə daha yaxşı təsirin olması üçün komandamı dəyişdim. Çünki yığmada ayrı, “Bandırmaspor”da isə tam başqa mövqedə çıxış edirdim. Baş məşqçi ilə danışdım. Yeni komandamda oynadığım mövqedə davam edəcəyəm. Ona görə daha da yaxşı olacağını düşünürəm.
- Növbəti mövsüm Azərbaycan Premyer Liqasında legioner limiti olmayacaq. Belə bir şəraitdə yerli futbolçuların əcnəbilərlə rəqabət aparmalarını, yoxsa xarici ölkəyə yollanmalarını daha məqsədəuyğun sayırsınız?
- Bu qərarın nəticələrini yaşamadan necə olacağını bilmək olmaz. Yaxşı da, pis də ola bilər. Amma yaxşı olacağı heç inandırıcı görünmür. Hər ölkədə legioner limiti var. Bəzi ölkələrdə yarı yerli, yarı legioner oynaya bilər. Yerli futbolçu öz ölkəsində də, xaricdə də legioner sayılacaq. Elə böyük futbol ölkəsi də deyilik. 10-15 oyunçu ola bilər ki, çıxış etdiyi ölkənin gətirdiyi digər legioner və ya yerli futbolçulardan 5-6 qat daha yaxşı vəziyyətdə olsun və üstünlüyü onlara versinlər. Məncə, çətin olacaq. Çünki digər ölkələrdə də legioner limiti var. Onlar da limitə görə 5-6 futbolçunu daha inkişaf etmiş ölkələrdən gətirməyə üstünlük verəcəklər. Bizim futbolçular həm öz ölkəsində, həm də xaricdə legioner sayılacaqlar. Bu da çox çətin olacaq.
- İki ildir xaricdə çıxış edirsiniz. Sizcə, legioner həyatı yaşayan futbolçular niyə qısa müddətdə rəqabətdə uduzub, geri qayıdırlar?
- Alışma prosesi rol oynayır. Ölkədən kənarda öyrəşdiyin mühit buna təsir edir. Mən də iki il keçməsinə baxmayaraq, bunu hiss edirəm. Bəzən elə məqam olur ki, “partlayış nöqtəsi”nə gəlirəm. Ölkəm, ailəm, yaşam tərzimiz üçün darıxıram. İnanıram ki, ölkə xaricində daha uzun müddət çıxış edəcəyəm.
- Türkiyə yox, başqa ölkədə legioner həyatı yaşamaq sizə də çətin olardı?
- Artıq bura alışmışam. Gəldiyim ölkə bizim din və dilimizə yaxın olduğundan, öyrəşməkdə heç bir çətinlik yaşamadım. Türklər bizi özlərindən ayırmırlar. Hara getsəm, azərbaycanlı olduğumu eşidəndə can-başla qarşılayırlar. Həm də insanın özündən də çox şey asılıdır. Özünü sevdirməyi, münasibət qurmağı bacarmalısan. Çəkingən və utancaq olduqdan sonra hər kəs istənilən yerdə kənarda qala bilər. Bunun qardaş və ya başqa ölkə ilə əlaqəsi yoxdur. İnsan özü də getdiyi mühitlə ayaqlaşmalıdır.