BAKI, 16 noyabr. TELEQRAF

İordaniya İctimai Təhlükəsizlik İdarəsi "Telegram" messencerinin ölkə ərazisində fəaliyyətini dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə "Al Mamlaka" telekanalı məlumat yayıb.

Məlumata görə, qərar platformadan ekstremizm, radikalizm və kibercinayətlərin yayılması üçün istifadə olunması ilə bağlıdır. Qurum bunun milli təhlükəsizlik üçün təhdid yaratdığını bildirib.

İdarə qeyd edib ki, məhdudiyyət rəqəmsal təhlükəsizliyin təmin edilməsi və istifadəçilərin qorunması məqsədilə tətbiq olunub. Vətəndaşlara naməlum şəxslərlə əlaqə saxlamamaq, şübhəli keçidlərə daxil olmamaq və qanunsuz paylaşımlar barədə aidiyyəti qurumlara məlumat vermək tövsiyə edilib.

Bloklamanın nə qədər davam edəcəyi və hansı şərtlərlə aradan qaldırılacağı barədə məlumat verilməyib.