BAKI, 16 noyabr. TELEQRAF
Qeyri-hökumət təşkilatlarının (QHT), eləcə də xarici dövlətlərin QHT-lərinin filial və nümayəndəliklərinin fəaliyyətinin dayandırılmasına səbəb olmuş pozuntular aradan qaldırıldıqda, onların fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən vaxtından əvvəl bərpa oluna biləcək.
Teleqraf xəbər verir ki, bu Milli Məclisin bugünkü plenar iclasının gündəliyinə daxil edilən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna təklif olunan dəyişikliklərdə əksini tapıb.
Layihəyə əsasən, mövcud qaydadan fərqli olaraq, fəaliyyətin vaxtından əvvəl bərpası ilə bağlı qərarın qəbulunda məhkəmənin iştirakı və təşkilat üzvlərinin müraciəti ilə bağlı müddəanın aradan qaldırılması təklif edilir. Beləliklə, pozuntuların aradan qaldırılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyətin vaxtından əvvəl bərpası üçün əsas olacaq.
Qanun layihəsi qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dair bir sıra məsələlərin, o cümlədən ictimai birliklərin və fondların növlərinin dəqiq müəyyənləşdirilməsi məqsədilə hazırlanıb.
Layihədə ictimai birliklərin və fondların hansı növlər üzrə yaradıla biləcəyi təsbit olunur. Təklifə görə, ictimai birlik və fond yalnız bir növdə yaradıla biləcək. Bundan başqa, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dayandırılması və ləğv edilməsi hallarının dəqiq müəyyənləşdirilməsi nəzərdə tutulur.