BAKI, 15 noyabr. TELEQRAF
ABŞ Müdafiə Nazirliyi Ukraynadakı münaqişə və İranla müharibə barədə məxfi məlumatların mediaya sızması ilə bağlı istintaq çərçivəsində vəzifəsindən kənarlaşdırılan general Brett Silviyaya qarşı cinayət ittihamları irəli sürülməsi məsələsini nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin baş strateqi vəzifəsindən uzaqlaşdırılan Quru Qoşunları generalı Brett Silviya ilə bağlı məsələ Pentaqon rəhbərliyi səviyyəsində müzakirə olunur.
Qəzet xatırladır ki, daha əvvəl Pentaqon məxfi məlumatların sızması ilə bağlı araşdırmanı ABŞ Ədliyyə Nazirliyinə həvalə edib. Ölkədə baş prokurorluq funksiyalarını da yerinə yetirən nazirlik hələlik Silviyaya qarşı hər hansı ittiham irəli sürməyib.
Bununla yanaşı, ABŞ Prezidenti Donald Trampın administrasiyası hərbi rəhbərliyə generalın Pentaqon xətti ilə də cinayət məsuliyyətinə cəlb olunması imkanını araşdırmağı tapşırıb.
“The Washington Post” yazır ki, beləliklə, Silviya eyni vaxtda iki istiqamət üzrə cinayət təqibi təhlükəsi ilə üzləşib. Ona qarşı ittiham irəli sürülməsi məsələsi Quru Qoşunlarının rəhbəri vəzifəsini müvəqqəti icra edən Adam Tellin baxışına təqdim olunub.