BAKI, 16 noyabr. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Cey Di Vens 2028-ci il prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı qərarını 2027-ci ilin yazının sonuna qədər açıqlaya bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Vens Yeni ilə qədər yekun qərar verməyi planlaşdırmır və namizədliyini irəli sürüb-sürməyəcəyini açıqlamaq üçün gələn ilin may ayının sonunadək gözləyə bilər.
Vens hələ də Respublikaçılar Partiyasının prezidentliyə ən güclü potensial namizədi hesab olunur. Lakin respublikaçıların Konqresə aralıq seçkilərdə məğlubiyyəti onun siyasi perspektivlərini çətinləşdirib.
Vitse-prezidentin yaxın müşavirləri onun seçkilərdə iştirak edəcəyinə inanırlar. Bununla belə, Vens erkən seçki kampaniyasının Prezident Donald Trampın fəaliyyətindən diqqəti yayındıracağından və aralarındakı münasibətlərə mənfi təsir göstərəcəyindən ehtiyat edir.
Qeyd edək ki, CNN daha əvvəl Vensin respublikaçıların seçki məğlubiyyətindən sonra 2028-ci il prezident seçkilərində iştirakdan imtina etməyi ciddi şəkildə nəzərdən keçirdiyini bildirmişdi.
Tramp da noyabrın 4-də Vensin namizədliyini irəli sürməyə biləcəyini istisna etməyib.