BAKI, 16 noyabr. TELEQRAF

Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva dördüncü prezidentlik dövründə Nobel Sülh Mükafatına layiq görülməyi hədəfləyir.

Teleqraf xəbər verir ki, bu barədə Braziliyanın “Estadão” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Lula da Silva bu məqsədinə çatmaq üçün ölkənin xarici işlər naziri Mauro Vieyranın diplomatik təcrübəsinə və beynəlxalq nüfuzuna arxalanmağı planlaşdırır.

Braziliya lideri uzun müddətdir aclıq və yoxsulluqla mübarizə, iqlim dəyişikliyi və meşələrin qorunması istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsini müdafiə edir. O, həmçinin Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həllinə çağırışlar edib və vasitəçilik təşəbbüsü irəli sürüb.

Qəzetin məlumatına görə, oktyabrda yenidən prezident seçilən Lula da Silva noyabrın 16-da İspaniyaya səfərindən qayıtdıqdan sonra yeni hökumətin formalaşdırılmasına başlayacaq.

Mauro Vieyranın hakim İşçi Partiyasının bəzi nümayəndələrinin etirazlarına baxmayaraq, xarici işlər naziri vəzifəsində qalacağı gözlənilir.

Nəşr bildirir ki, Lula da Silvanın əsas məqsədlərindən biri beynəlxalq diplomatik fəaliyyətini gücləndirərək Nobel Sülh Mükafatını qazanmaqdır.