BAKI, 15 noyabr. TELEQRAF
Meksikanın iri narkokartelləri ABŞ sərhədçilərinin hərəkətlərini izləmək və miqrantların sərhədi qanunsuz keçməsini koordinasiya etmək üçün pilotsuz uçuş aparatlarından istifadə etməyə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “El Universal” qəzeti ABŞ Sərhəd Patrul Xidmətinin San-Dieqo sektorunun nümayəndəsi Xerardo Qutyerresə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Meksikanın ən böyük kartelləri – “Sinaloa” və “Xalisko Yeni Nəsil” də daxil olmaqla, müxtəlif cinayətkar qruplaşmalar dronlar vasitəsilə sərhədçilərin hərəkətlərini izləyir. Onlar agentlərin əraziyə nə vaxt gəldiyini və oranı nə vaxt tərk etdiyini, hansı istiqamətdə hərəkət etdiyini, hətta nə vaxt yemək yediyini və ya iş yerindən uzaqlaşdığını müəyyənləşdirirlər. Məqsəd miqrantların sərhədi qanunsuz keçməsi üçün əlverişli məqamı tapmaqdır.
Qutyerres bildirib ki, dronlar əsasən Tixuananın Nido-de-las-Aqilas və Las-Torres rayonlarından havaya buraxılır. Miqrantları sərhəddən keçirməyə kömək edən şəxslər həmin ərazilərdən sərhədçiləri müşahidə edir və insanları telefon vasitəsilə istiqamətləndirirlər.
“İndise Politik” nəşrinin məlumatına görə, ABŞ-nin Şimal Komandanlığının nəzdində fəaliyyət göstərən Cənub Sərhədi üzrə Birgə Əməliyyat Qrupu bu il Tixuana ilə San-Dieqo arasındakı ərazidə 300-dən çox dronu zərərsizləşdirib. Bu hissədə sərhədin uzunluğu təxminən 100 kilometrdir.
Qutyerresin sözlərinə görə, sərhəd divarının möhkəmləndirilməsi nəticəsində miqrantların qanunsuz keçirilməsi cəhdlərinin sayı dəniz istiqamətində artır. Qaçaqmalçılar bu məqsədlə su motosikletlərindən və sürətli katerlərdən istifadə edirlər.
“Reuters” agentliyi də Meksikadakı cinayətkar qruplaşmaların partlayıcı qurğulardan istifadəsinin artdığını yazıb. Söhbət minalanmış avtomobillərdən, partlayıcı yüklərlə təchiz edilmiş dronlardan və minalardan gedir.