BAKI, 15 noyabr. TELEQRAF
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uoltsun Livana səfəri zamanı BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) fəaliyyətinin alternativi müzakirə olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə “Janoubia” portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, Mayk Uolts noyabrın 16-17-də Beyrutda səfərdə olacaq. O, Livan Prezidenti Cozef Aun, Baş nazir Nəvvaf Salam və parlamentin sədri Nəbih Berri ilə danışıqlar aparacaq.
Görüşlərdə ABŞ-nin himayəsi altında monitorinq missiyasının yaradılması təklifi müzakirə ediləcək. Missiya Livan-İsrail sərhədində atəşkəs şərtlərinin, eləcə də iyunun 26-da Vaşinqtonda imzalanmış Livan-İsrail çərçivə sazişinin icrasına nəzarət etməlidir.
Portalın məlumatına görə, yeni missiyanın fəaliyyətində 1981-ci ildən Sinay yarımadasında Kemp-Devid razılaşmalarının və Misir-İsrail sülh müqaviləsinin icrasını izləyən çoxmillətli qüvvələrin təcrübəsindən istifadə olunacaq.
Qeyd edək ki, BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin mandatı 2026-cı il dekabrın 31-də başa çatır.