BAKI, 16 noyabr. TELEQRAF

Kuba hökuməti ABŞ-ni ölkənin turizm sektoruna qarşı məqsədyönlü kampaniya aparmaqda ittiham edib.

Teleqraf xəbər verir ki, bunu Kubanın turizm naziri Xuan Karlos Qarsiya Qranda “Dəyirmi masa” televiziya proqramında çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, Vaşinqton aviaşirkətlərə, sahibkarlara və kommersiya qurumlarına təzyiq göstərərək onların Kuba bazarından çıxmasına səbəb olur.

“ABŞ-nin təzyiqləri nəticəsində ölkəmizdə onilliklər ərzində fəaliyyət göstərən şirkətlər belə Kuba bazarını tərk etmək məcburiyyətində qalıb”, – nazir vurğulayıb.

Qarsiya Qranda bildirib ki, ABŞ-nin iqtisadi, ticarət və maliyyə məhdudiyyətlərini sərtləşdirməsi ölkənin turizm sektoruna ciddi zərbə vurub.

Onun sözlərinə görə, 2026-cı ilin yanvar-oktyabr aylarında Kubaya 500 mindən bir qədər çox xarici turist səfər edib. Halbuki həmin dövr üçün 1,7 milyondan artıq turist gözlənilirdi. Bu göstərici proqnozdan 71,2 faiz azdır.

Nazir etiraf edib ki, yaranmış vəziyyət 2026-cı il üçün müəyyənləşdirilmiş 2,2 milyon turist hədəfinə çatmağı mümkünsüz edib.

Bununla belə, Kuba hökuməti turizm sektorunun inkişafı üçün alternativ tədbirlər həyata keçirir. Turizm obyektlərində günəş enerjisi sistemləri quraşdırılır, elektrik nəqliyyatından istifadə genişləndirilir və yeni turizm məhsulları hazırlanır.

“Kuba bütün dünya üçün açıqdır. Ölkəmizin və xalqımızın turizmə ehtiyacı var”, – nazir əlavə edib.