BAKI, 15 noyabr. TELEQRAF

ABŞ-nin nəqliyyat naziri Şon Daffi ölkədə aviasiya sistemində baş verən nasazlıqdan sonra uçuşların noyabrın 15-i günün sonunadək və ya noyabrın 16-sı səhər saatlarınadək normal rejimə qayıdacağını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Daffi “Mətbuatla görüş” proqramında çıxışı zamanı bildirib ki, vəziyyət bu gündən etibarən yaxşılaşmağa başlayacaq və sabahadək aviareyslərin hərəkəti tam bərpa olunacaq. Bununla belə, aviaşirkətlərə ekipajların və təyyarələrin yenidən bölüşdürülməsi üçün müəyyən vaxt lazım olacaq.

Nazir gələcəkdə oxşar nəqliyyat problemlərinin təkrarlanmayacağına zəmanət verə biləcəyi ilə bağlı suala isə konkret cavab verməyib.

Daffi qeyd edib ki, ilk növbədə nasazlığın səbəbi müəyyənləşdirilməlidir. Araşdırma zamanı problemin “L3Harris” şirkətinin avadanlıq quraşdırması zamanı yol verilən səhvdən, yoxsa marşrutlaşdırıcının özündəki nasazlıqdan qaynaqlandığı aydınlaşdırılacaq.

Nazirin sözlərinə görə, araşdırmanın nəticələrinə əsasən, hava məkanının yenidən bağlanmasının qarşısını almaq üçün müvafiq təhlükəsizlik tədbirləri görüləcək. O, həmçinin ABŞ Federal Aviasiya Administrasiyasının işində zəruri dəyişikliklərin ediləcəyini bildirib.