BAKI, 16 noyabr. TELEQRAF
“SpaceX” şirkətinin qurucusu İlon Mask “Starship” kosmik gəmisinin bir neçə həftə ərzində növbəti uçuşa hazır olacağını açıqlayıb.
Teleqraf xəbər verir ki, Mask bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“Bu gün ‘Starship’in bütün istilikdən mühafizə sistemini yoxladım. Ümumilikdə vəziyyəti əladır. Mühərriklər də mükəmməl vəziyyətdədir. Təmir işlərindən sonra gəmi bir neçə həftə ərzində yenidən uça biləcək”, – Mask bildirib.
O, həmçinin kosmik gəminin təyyarələr kimi uzun fasilələr olmadan uçuşlar həyata keçirməsi üçün bir sıra texniki təkmilləşdirmələrə ehtiyac olduğunu vurğulayıb.
Qeyd edək ki, noyabrın 14-də “SpaceX” ilk dəfə “Starship” gəmisini kosmik uçuşdan sonra Texasdakı “Starbase” bazasında yerləşən “Mechazilla” sistemi vasitəsilə uğurla tutaraq yerə qaytarıb.
Təxminən 22,5 saat davam edən uçuş zamanı gəmi Yer ətrafında 14 dövrə vurub və 26 ədəd yeni nəsil “Starlink V3” peykini orbitə yerləşdirib.
“SpaceX” gələcəkdə “Starship”dən həm “Starlink” peyklərinin buraxılışında, həm də NASA-nın Ay missiyalarında istifadə etməyi planlaşdırır.