BAKI, 15 noyabr. TELEQRAF
Liviyanın qərbində neft obyektlərinin mühafizəsi ilə məşğul olan əməkdaşlar maaşlarının hərbçilərin əməkhaqqı səviyyəsinə çatdırılmasını tələb edirlər.
Teleqraf xəbər verir ki, bu barədə “Libiya Al-Ahrar” telekanalı məlumat yayıb.
Məlumata görə, etirazçılar Liviyanın Milli Birlik Hökumətinin Maliyyə Nazirliyinə tələblərin yerinə yetirilməsi üçün noyabrın 20-dək vaxt veriblər. Tələbləri yerinə yetirilməsə, ölkənin ən böyük neft yataqlarından biri olan Əş-Şərarada fəaliyyəti dayandıracaqları və bir sıra neft kəmərlərini bağlayacaqları barədə xəbərdarlıq ediblər.
Etiraz aksiyaları Tripolidə Maliyyə Nazirliyinin binası qarşısında, Əş-Şərara neft yatağında, eləcə də Əz-Zaviyədəki neft-qaz kompleksinin və neft emalı zavodunun yaxınlığında keçirilib.
Paytaxtdakı aksiyanın iştirakçıları maliyyə nazirini Liviyanın Milli Birlik Hökumətinin rəhbəri Əbdülhəmid Dbeibənin daha əvvəl qəbul etdiyi qərarın icra olunmamasına görə tam məsuliyyət daşımaqda ittiham ediblər.