BAKI, 18 noyabr. TELEQRAF

Yunanıstanın paytaxtı Afinada minlərlə insan ABŞ səfirliyinə doğru etiraz yürüşü keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Yunanıstanın “Iefimerida” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, təxminən 20 min nəfərin qatıldığı aksiya 1973-cü il noyabrın 17-də Afina Politexnik İnstitutunda tələbə üsyanının hərbi xunta tərəfindən qanlı şəkildə yatırılmasının 53-cü ildönümünə həsr olunub.

Yürüş iştirakçıları ABŞ-nin 1967–1974-cü illərdə Yunanıstandakı hərbi diktaturaya verdiyi dəstəyə etiraz ediblər. Onlar NATO əleyhinə şüarlar səsləndirib, ölkədəki Amerika hərbi bazalarının bağlanmasını tələb ediblər.

Aksiya səbəbindən Afinanın mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, üç metro stansiyası bağlanıb.

Yürüş əsasən dinc keçsə də, Klafthmonos meydanında anarxistlərlə polis arasında qarşıdurma yaşanıb. Polis 10 nəfərin saxlanıldığını, bir nəfərin isə həbs edildiyini açıqlayıb.

Paytaxtda təhlükəsizliyi təmin etmək üçün 5 mindən çox polis əməkdaşı səfərbər olunub.