BAKI, 15 avqust. TELEQRAF

İsveçrə tarixinin ən ciddi quraqlıqlarından birini yaşayır.

Teleqraf xəbər verir ki, uzun müddət davam edən istilər quraqlıq riskini dördüncü səviyyəyə qaldırıb.

Həftəsonu yağışların yağacağı və temperaturun bir qədər aşağı düşəcəyi gözlənilsə də, mütəxəssislər xəbərdarlıq edirlər ki, su böhranı hələ bitməyib.

Bir çox çay və göllərdə suyun səviyyəsi tarixi minimum səviyyəyə çatıb və yeraltı su ehtiyatları azalmaqda davam edir. Demək olar ki, bütün kantonlar artıq suya qənaət etmək üçün bu və ya digər tədbir həyata keçiriblər.

Vəziyyət xüsusilə kənd təsərrüfatı bölgələrində çətindir. Aargau kantonunda iyunun ortalarından bəri əksər çaylardan su çəkmək qadağan edilib. Bəzi icmalarda qazonları suvarmaq və hovuzları doldurmaq, eləcə də avtomobilləri yumaq qadağandır. Bir çox yerdə çəmənliklər tamamilə quruyub.

Bəzi gəmiçilik şirkətləri marşrutları ləğv edib və üzgüçülük yarışları təxirə salınmalı olub.

Quraqlıq təkcə su təchizatı üçün deyil, həm də meşələr üçün təhlükə yaradır.

Quraqlıq kənd təsərrüfatına da ciddi zərbə vurub.