BAKI, 15 oktyabr. TELEQRAF

Böyük Britaniya hökuməti Ukraynadakı Çernobıl Atom Elektrik Stansiyasının (AES) qoruyucu qurğularının təmiri üçün 17 milyon funt sterlinq (22,5 milyon dollar) ayıracaq.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ayrılan vəsait stansiyanın qoruyucu konstruksiyasının və havalandırma sisteminin bərpasına, həmçinin qurğunun istismar müddətinin uzadılmasına yönəldiləcək.

“Bu dəstək qoruyucu konstruksiyanın və havalandırma sisteminin bərpası üçün mühüm təmir işlərinin maliyyələşdirilməsinə imkan verəcək”, – hökumətin açıqlamasında qeyd olunub.

Britaniya hökuməti təmir işlərinin korroziyanın aradan qaldırılması baxımından da vacib olduğunu vurğulayıb. Bildirilib ki, korroziya probleminin həll edilməməsi beynəlxalq ictimaiyyətin onilliklər ərzində yatırdığı investisiyaları təhlükə altına qoya və uzunmüddətli ekoloji risklər yarada bilər.

Xatırladaq ki, 2025-ci il fevralın 14-nə keçən gecə Çernobıl AES-də partlayış baş verib. Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) hadisəni təsdiqləyib.

Agentliyə verilən məlumata görə, zərbə dronu stansiyanın dördüncü enerji blokunun üzərindəki qoruyucu konstruksiyaya çırpılıb.

Həmin vaxt qoruyucu qurğunun daxili örtüyünün zədələnməsinə dair əlamətlərin olmadığı, konstruksiyanın daxilində və xaricində radiasiya səviyyəsinin normal və sabit qaldığı bildirilmişdi.

Ukrayna tərəfi hadisəyə görə Rusiyanı ittiham etsə də, Kremlin sözçüsü Dmitri Peskov bu iddiaları rədd etmişdi.