BAKI, 15 oktyabr. TELEQRAF
Səudiyyə Ərəbistanının aviaşirkətləri husilərin hücumları fonunda paytaxt Ər-Riyadın beynəlxalq hava limanından 100-ə yaxın təyyarəni çıxarıb.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti “Flightradar24” uçuş izləmə xidmətinin məlumatlarına istinadən yazıb.
Nəşrin məlumatına görə, son bir həftə ərzində Ər-Riyad hava limanında yerdə olan təyyarələrin sayı 134-dən 38-ə enib. Beləliklə, hava limanındakı təyyarələrin sayı 96 ədəd azalıb.
Qəzetin əldə etdiyi sığorta şirkətinin daxili hesabatında bildirilir ki, hava hücumları nəticəsində beş təyyarə müxtəlif dərəcəli zədələr alıb. Onlardan biri istismara yararsız hesab edilərək silinib.
Hücumlar nəticəsində təyyarələrə dəyən ümumi zərər 375 milyon dollar qiymətləndirilir.
Xatırladaq ki, oktyabrın 10-da Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi Ər-Riyad hava limanına hücum nəticəsində azı 12 nəfərin həlak olduğunu, 309 nəfərin isə yaralandığını açıqlayıb.
Oktyabrın 11-də hava limanına növbəti hücumun həyata keçirildiyi və xəsarət alanların olduğu bildirilib.
Həmin gün Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı bir sutka ərzində ballistik və qanadlı raketlərdən, eləcə də pilotsuz uçuş aparatlarından istifadə etməklə dörd genişmiqyaslı əməliyyat keçirdiyini bəyan edib.