BAKI, 15 oktyabr. TELEQRAF
ABŞ administrasiyası Rusiya, İran və Venesuela neftinin daşınmasında istifadə edilmiş gəmilərə qarşı tətbiq olunan sanksiyaların yumşaldılması imkanını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Donald Tramp administrasiyası “kölgə donanması” adlandırılan və əvvəllər sanksiya tətbiq edilmiş neft tankerlərinə dair məhdudiyyətləri azaltmağı müzakirə edir.
Bu addımın əsas məqsədi rekord həddə yüksəlmiş dəniz daşımaları xərclərini azaltmaq və Fars körfəzi ölkələrindən dünya bazarlarına neft və neft məhsullarının tədarükünü artırmaqdır.
Agentliyin məlumatına görə, məhdudiyyətlər yumşaldılacağı təqdirdə, həmin gəmilərdən istifadə etmək istəyən şirkətlər ABŞ Maliyyə Nazirliyindən müvafiq icazə almalı olacaqlar.
Vaşinqtonda əvvəllər sanksiyaya məruz qalmış tankerlərin neft və neft məhsullarının daşınmasında iştirakına maneə yaradılmaması variantı da müzakirə edilir.
Hələlik sanksiyaların yumşaldılması ilə bağlı yekun qərarın qəbul edildiyi açıqlanmayıb.