BAKI, 15 oktyabr. TELEQRAF

Ərzaq təhlükəsizliyi qısamüddətli humanitar böhran olmaqdan çıxıb və qlobal makro-maliyyə təhdidinə çevrilib.

Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktorunun müavini Naycel Klark Banqkokda keçirilən BVF və Dünya Bankının İdarə Heyətinin illik iclası çərçivəsində panel müzakirəsi zamanı bildirib.

"Ərzaq çatışmazlığı problemi birdəfəlik humanitar böhrandan daha çox, dövri qlobal makro-maliyyə təhlükəsinə çevrilir. Biz amillər arasında güclü bir korrelyasiya görürük. El-Ninyo kənd təsərrüfatı istehsalına mənfi təsir göstərə bilər. Eyni zamanda, Yaxın Şərqdə və Ukraynada silahlı münaqişə gəmiçilik, ərzaq, enerji və gübrə bazarlarını əhəmiyyətli dərəcədə qeyri-sabitləşdirə bilər", - deyə o bildirib.

Klark qeyd edib ki, vəziyyət bir sıra ölkələrdə ehtiyatların tükənməsi, yüksək borc yükü, bahalı borclanma və məhdud maliyyə imkanları ilə daha da ağırlaşır. Aşağı gəlirli ölkələr ənənəvi olaraq bu cür təhlükələrə ən çox həssasdırlar.