BAKI, 15 oktyabr. TELEQRAF
Qara dənizdə Rumıniyanın Sulina limanı yaxınlığında Komor adaları bayrağı altında üzən gəmidə yanğın baş verib. Hadisənin pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində baş verib-vermədiyi araşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə Rumıniyanın “Agerpres” agentliyi məlumat yayıb.
Rumıniyanın müdafiə naziri vəzifəsini icra edən Radu Miruçe “Digi24” telekanalına açıqlamasında bildirib ki, yerli vaxtla saat 08:23-də gəmidən yanğınla bağlı radio siqnalı daxil olub.
“Yardım göstərilməsi üçün hadisə yerinə xilasetmə gəmisi göndərildi. Qısa müddət sonra yanğının söndürüldüyü, köməyə ehtiyac olmadığı və dənizçilərin limana daxil olmaq istəmədikləri barədə məlumat aldıq”, – o deyib.
Nazir vəzifəsini icra edən şəxsin sözlərinə görə, yanğın söndürüldükdən və təhlükə aradan qalxdıqdan sonra xilasetmə gəmisi geri qayıdıb.
“Gəmi yüksüz olub və bir neçə gündür həmin ərazidə dayanıb. Hazırda pilotsuz uçuş aparatı ilə zərbə endirilib-endirilmədiyi araşdırılır. Müdafiə Nazirliyinin radarları gəmiyə doğru hərəkət edən hər hansı dron qeydə almayıb”, – Miruçe bildirib.
O əlavə edib ki, gəmi texniki ekspertizanın aparılması üçün Konstansa limanına istiqamət götürüb. Hadisənin dron hücumu ilə əlaqəli olub-olmadığı ekspertizanın nəticələrindən sonra müəyyənləşəcək.
Rumıniya mediasının məlumatına görə, söhbət “Yara J” adlı gəmidən gedir. Gəminin 17 nəfərdən ibarət heyətinin hamısı Suriya vətəndaşıdır. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, daha əvvəl “maritime.bg” portalı Rumıniyanın ərazi sularında Ukraynaya neft məhsulları daşıdığı bildirilən “Yara” tankerinin naməlum dronların hücumuna məruz qaldığı barədə məlumat yaymışdı.
Hələlik gəminin dron hücumuna məruz qalması rəsmi şəkildə təsdiqlənməyib.