BAKI, 15 oktyabr. TELEQRAF
İsrail ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir Yaxın Şərqdə gərginliyin yenidən kəskinləşməsi təhlükəsinin artdığı barədə xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Eyal Zamir İordan çayının qərb sahilində Mərkəzi Hərbi Dairənin komandanlığı ilə keçirdiyi operativ müşavirədə regiondakı təhlükəsizlik vəziyyətini qiymətləndirib.
“Bütün cəbhələrdən daxil olan narahatedici siqnalların sayının artması və mövcud gərginlik fonunda eskalasiya ehtimalı yüksəlib”, – Baş Qərargah rəisi bildirib.
Onun sözlərinə görə, yaranmış vəziyyətlə əlaqədar İsrail ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələri gücləndirilib və onların döyüş hazırlığı səviyyəsi artırılıb.
“Biz gözlənilməz vəziyyətlərlə üzləşə biləcəyimiz ssenarilərə də hazırlaşmağa davam edirik”, – Zamir vurğulayıb.
General regionda həssas dövrün yaşandığını qeyd edərək hərbçiləri bütün istiqamətlərdə ayıq-sayıq olmağa və döyüş hazırlığını qorumağa çağırıb.
“İsrail Müdafiə Ordusu mülki əhalimizə zərər vurmağa çalışan hər kəsə qarşı genişmiqyaslı hücum əməliyyatları keçirməyə yüksək hazırlıq vəziyyətindədir”, – o xəbərdarlıq edib.