BAKI, 15 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Pekin arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Arizona ştatında keçirilən seçkiqabağı mitinqdə danışıb.

“Ötən həftə Çin lideri bizim qonağımız idi. İnsanlar soruşurlar ki, bunu niyə edirik? Çünki biz bir-birimizlə yaxşı yola gedirik. Bilirsiniz, Çinlə münasibətlərimiz əladır”, – ABŞ Prezidenti bildirib.

Tramp Çinlə iqtisadi əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb.

“Biz Çinlə birlikdə çox pul qazanırıq. Üstəlik, Çin bizə hörmət edir”, – o qeyd edib.

ABŞ liderinin sözlərinə görə, Çin Xalq Respublikasının Sədri Si Cinpinin Vaşinqtona səfəri də iki ölkə arasındakı qarşılıqlı hörmətin göstəricisidir.

“Əgər bir ölkənin prezidentinə və ya həmin ölkənin özünə hörmət etməsəydi, 21 saatlıq uçuşa vaxt sərf etməzdi”, – Tramp bildirib.

O, Çin lideri ilə keçirdiyi görüşü də yüksək qiymətləndirib.

“Bizim möhtəşəm görüşümüz oldu”, – ABŞ Prezidenti əlavə edib.

Qeyd edək ki, Si Cinpin sentyabrın 23–25-də Vaşinqtona dövlət səfəri edib.