BAKI, 15 oktyabr. TELEQRAF
Albaniyanın paytaxtı Tiranada hökumət əleyhinə keçirilən etiraz aksiyaları zamanı baş verən iğtişaşlar nəticəsində 29 nəfər xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə “Albanian Post” portalı Universitet Travmatologiya Xəstəxanasının məlumatlarına istinadən xəbər yayıb.
Bildirilib ki, xəsarət alanlardan 23-ü polis əməkdaşı, 5-i etirazçı, biri isə təsadüfi yoldan keçən şəxsdir. Onlara tibbi yardım göstərilir.
CNA portalının məlumatına görə, hüquq-mühafizə orqanları iğtişaşlarda iştirak etməkdə şübhəli bilinən 35 nəfəri saxlayıb.
Tiranada qarşıdurmalar artıq ikinci gündür davam edir. İğtişaşlar oktyabrın 13-də Albaniyanın Təhsil Nazirliyi qarşısında keçirilən tələbə etirazı zamanı başlayıb.
Baş nazir Edi Ramanın istefasını tələb edən nümayişçilər hökumət başçısının iqamətgahına doğru irəliləməyə çalışıblar. Polisin müdaxiləsindən sonra etirazçılar ayrı-ayrı qruplara bölünərək paytaxtın mərkəzindəki dövlət qurumlarının binalarına ziyan vurublar.
Qarşıdurmalar zamanı parlamentin, Ədliyyə Nazirliyinin, Dövlət Arxivinin və bir sıra digər dövlət qurumlarının binalarına zərər dəyib.
Qeyd edək ki, Albaniyada 130 gündən artıqdır hökumət əleyhinə aksiyalar keçirilir. Etirazlara səbəb ölkənin Adriatik dənizi sahilində yerləşən Vyosa-Narta qoruq ərazisində kurort kompleksinin tikintisi layihəsidir.
Aksiya iştirakçıları qorunan təbiət əraziləri haqqında qanuna edilən dəyişikliklərin ləğvini və Baş nazir Edi Ramanın istefasını tələb edirlər.