BAKI, 15 oktyabr. TELEQRAF

ABŞ administrasiyası Ukraynada “Starlink” peyk rabitə sisteminin fəaliyyətinə tətbiq edildiyi iddia olunan məhdudiyyətlərlə heç bir əlaqəsinin olmadığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

“Yüksəkvəzifəli amerikalı məmur bildirib ki, Donald Tramp administrasiyasının ‘Starlink’in fəaliyyətinə tətbiq edildiyi ehtimal olunan məhdudiyyətlərlə heç bir əlaqəsi yoxdur. Bununla belə, Ukrayna rəsmiləri məsələyə hələ də şübhə ilə yanaşırlar”, – nəşr yazıb.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskinin ştatdankənar müşaviri, rabitə və pilotsuz sistemlər üzrə mütəxəssis Sergey Beskrestnov “SpaceX” şirkətinin gecə saatlarında Ukrayna ordusunun istifadə etdiyi “Starlink” terminallarına sürət məhdudiyyəti tətbiq etdiyini bildirmişdi.

Onun sözlərinə görə, terminalların işləməsi üçün hərəkət sürəti həddi saatda 160 kilometrə endirilib.

Daha sonra “SpaceX” şirkətinin rəhbəri İlon Mask açıqlama verərək “Starlink” sisteminin hücum xarakterli hərbi əməliyyatlarda istifadə edilmədiyini bildirib.

Maskın sözlərinə görə, sistem yalnız müdafiə və mülki məqsədlər üçün nəzərdə tutulub.