BAKI, 15 oktyabr. TELEQRAF

Amerikanın “Netflix” striminq platforması əməkdaşlarının təxminən 6 faizini ixtisar etməyi planlaşdırır. Bu, şirkətin tarixində ən böyük işçi ixtisarı olacaq.

Teleqraf xəbər verir ki, bu barədə “Variety” jurnalı şirkətin rəhbərləri Ted Sarandos və Qreq Pitersin əməkdaşlara ünvanladığı elektron məktuba istinadən məlumat yayıb.

Bildirilib ki, ixtisarların təxminən 1000 əməkdaşı əhatə edəcəyi gözlənilir.

“Dünyanı əyləndirmək missiyamız iddialıdır və bu məqsədə çatmaq əməkdaşlarımız və resurslarımızla bağlı prioritetləri müəyyənləşdirərkən intizamlı yanaşma tələb edir”, – şirkət rəhbərlərinin məktubunda qeyd olunub.

Məlumata görə, ixtisarlar əsasən məhsulların hazırlanması, texnologiya, hüquq və insan resursları şöbələrində çalışan əməkdaşlara təsir edəcək.

Nəşr xatırladıb ki, “Netflix”də sonuncu böyük ixtisar dalğası 2022-ci ildə baş verib. Həmin vaxt abunəçi sayının azalması fonunda şirkət təxminən 450 əməkdaşını işdən çıxarmışdı.