BAKI, 15 oktyabr. TELEQRAF

Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus “Typhoon” qırıcı təyyarəsini raketlə vurduğunu iddia edib.

Teleqraf xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səri özünün “Telegram” kanalında məlumat yayıb.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının Ət-Taif aviabazasından havaya qalxan qırıcı Yəmənin şimal-qərbində yerləşən Səədə vilayətinin hava məkanında hədəfə alınıb.

“Silahlı qüvvələrimiz Səudiyyə Ərəbistanına məxsus ‘Typhoon’ hərbi təyyarəsinə zərbə endirib. Təyyarə Səədə vilayətinin hava məkanında ‘yer-hava’ tipli raketlə vurulub. Birbaşa isabət qeydə alınıb və təyyarənin qəzaya uğraması mümkündür”, – Səri bildirib.

Qırıcının məhv edilməsi və ya yerə düşməsi barədə hələlik təsdiqlənmiş məlumat yoxdur.

Səudiyyə Ərəbistanı tərəfinin hadisə ilə bağlı rəsmi mövqeyi açıqlanmayıb.