BAKI, 1 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp 2025-ci ildə kriptovalyuta ilə əlaqəli əməliyyatlardan 1 milyard dollardan çox gəlir əldə edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Hökumət Etikası İdarəsinin saytında dərc olunan maliyyə bəyannaməsində məlumat verilib.

927 səhifədən ibarət sənədə əsasən, Tramp təxminən 500 milyon dollar gəliri “World Liberty Financial” şirkəti vasitəsilə həyata keçirilən kriptovalyuta satışlarından əldə edib. Şirkətdə rəhbər vəzifələri onun oğulları Erik Tramp və Donald Tramp kiçik tutur.

Sənəddə qeyd olunur ki, ABŞ prezidenti həmçinin “$TRUMP” adlı rəqəmsal valyutanın satışından əldə olunan ayırmalar hesabına təxminən 600 milyon dollar qazanıb. Bu kriptovalyutanın dəyəri, digər amillərlə yanaşı, Trampa göstərilən ictimai dəstəyin səviyyəsindən də asılıdır.

Bundan başqa, Tramp öz adının yer aldığı İncil nəşrlərinin, saatların, idman ayaqqabılarının və müxtəlif növ ətirlərin satışından da milyonlarla dollar gəlir əldə edib.

Daha əvvəl “Reuters” agentliyi Tramp ailəsinin ABŞ prezidentinin ikinci səlahiyyət müddətinin əvvəlindən etibarən kriptovalyuta layihələri ilə bağlı fəaliyyətlərdən azı 2,3 milyard dollar qazandığını bildirmişdi.