BAKI, 28 avqust. TELEQRAF
ABŞ administrasiyası Kanada ilə ticarət danışıqları zamanı Ottavadan Çin məhsullarına tətbiq olunan gömrük rüsumlarını artırmağı tələb edib.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts “Fox News” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Vaşinqton Kanadaya digər ticarət tərəfdaşlarından daha əlverişli tarif şərtləri təklif edib, lakin bunun müqabilində Çin mallarının Kanada üzərindən ABŞ bazarına daxil olmasının qarşısının alınmasını istəyib.
“Çinin mallarını Kanada vasitəsilə ABŞ-yə göndərərək bu imkandan istifadə etməsinə şərait yarada bilməzsiniz. Buna görə də Kanada Çinlə bağlı tarifləri artırmalıdır”, - Uolts bildirib.
ABŞ diplomatı qeyd edib ki, Vaşinqton analoji tələbi Meksika qarşısında da qoyub və Meksika hakimiyyəti bununla razılaşıb.
ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir ötən həftə Ottavanın Vaşinqtonun əlverişli hesab etdiyi ikitərəfli ticarət sazişindən imtina etdiyini açıqlayıb. Bundan sonra avqustun 22-də Kanadadan idxal olunan müəyyən kateqoriyalı məhsullara ABŞ-nin 50 faizlik gömrük rüsumları qüvvəyə minib.
Kanadanın Baş naziri Mark Karni ABŞ ilə ticarət danışıqlarının dayandırıldığını təsdiqləyib və Ottavanın cavab rüsumları tətbiq edəcəyini bildirib. Həmin tariflərin sentyabrın 8-dən qüvvəyə minməsi nəzərdə tutulur.
ABŞ Prezidenti Donald Tramp isə 2027-ci il yanvarın 1-dən Kanada avtomobillərinə, avtomobil ehtiyat hissələrinə və poladına 50 faizlik rüsum tətbiq etməyi planlaşdırdıqlarını açıqlayıb.