BAKI, 27 avqust. TELEQRAF
Nepalda baş verən dağıdıcı daşqın nəticəsində ölənlərin sayı 157 nəfərə çatıb, azı 384 turist itkin düşüb. Təbii fəlakətin ölkənin infrastrukturuna vurduğu ziyanın isə 1,3 milyard dollar olduğu bildirilir.
Teleqraf xəbər verir ki, bu barədə Nepal polisi və ölkənin infrastruktur naziri Sunil Lamsal məlumat veriblər.
Son məlumatlara görə, daşqın nəticəsində 93 nəfər xəsarət alıb. İtkin düşən 384 turistdən 291-i xarici ölkə vətəndaşıdır. Onların arasında Çin ərazisində yerləşən və bir sıra dinlərdə müqəddəs sayılan Kaylaş dağına gedən zəvvarların da olduğu bildirilir.
Turizm şirkətlərinin məlumatına görə, fəlakət bölgəsində ABŞ, Böyük Britaniya, Cənubi Afrika Respublikası və Malayziya vətəndaşları da ola bilər. Cənubi Koreyanın “Yonhap” agentliyi ölkə XİN-ə istinadən azı səkkiz Cənubi Koreya vətəndaşının itkin düşdüyünü bildirib. Onlar su elektrik stansiyasının tikintisində çalışıblar.
Daşqın avqustun 26-da səhər saatlarında Nepalın şimal bölgələrini əhatə edib. İlkin ehtimala görə, fəlakət Nepal-Çin sərhədində, Rasuvaqadhi sərhəd-keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə qar və qaya uçqununun baş verməsindən sonra yaranıb.
“The New York Times”ın məlumatına görə, daşqına səbəb olduğu ehtimal edilən qar və qaya kütləsi vadiyə bir kilometrdən çox yüksəklikdən düşüb. Sosial şəbəkələrdə yayılan görüntülərdə güclü su axınının yaşayış evlərini, digər tikililəri və körpüləri apardığı görünür.
Əsas dağıntılar Bhote-Koşi çayı vadisində, Rasuva, Nuvakot, Dhading və Çitvan rayonlarında qeydə alınıb. Xilasetmə əməliyyatlarına 15 helikopter cəlb edilib, onlardan yeddisi Nepal ordusuna məxsusdur.
Nepalın infrastruktur naziri Sunil Lamsalın sözlərinə görə, daşqının ölkənin infrastrukturuna vurduğu ziyan azı 200 milyard Nepal rupisi – təxminən 1,3 milyard dollar təşkil edir. Ən böyük ziyan avtomobil yollarına və körpülərə dəyib.
Məlumata görə, sel azı 22 beton və beş metal körpünü dağıdıb. Nepal Energetika Nazirliyi 14 hidroenergetika obyektinin də zərər gördüyünü açıqlayıb.
Fəlakətlə əlaqədar Nepalın Baş naziri Balendra Şah vəziyyətin qiymətləndirilməsi və xilasetmə işlərinin koordinasiyası məqsədilə Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Şuranın təcili iclasını çağırıb.
Hindistanın Baş naziri Narendra Modi Nepala yardım təklif edib. Hindistan fəlakətin nəticələrinin aradan qaldırılması üçün ölkəyə 10 ton humanitar yardım və həyati əhəmiyyətli dərman vasitələri göndərib. BMT də zərərçəkmiş bölgələrə yardımın çatdırılmasını koordinasiya edir.
Axtarış-xilasetmə əməliyyatları davam etdiyindən ölən və itkin düşənlərin sayının dəyişə biləcəyi bildirilir.