BAKI, 1 iyul. TELEQRAF
Ekvador Futbol Federasiyası (FEF) 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Meksika millisi ilə oyun ərəfəsində baş verən insidentlə bağlı Beynəlxalq Futbol Federasiyasına (FIFA) rəsmi şikayət ünvanlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ekvador Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qarşılaşmadan əvvəl gecə saatlarında təxminən min nəfər meksikalı azarkeş Ekvador millisinin məskunlaşdığı otelin qarşısına toplaşıb. Onlar mahnılar oxuyub, rəqs edib və fişənglər buraxıblar.
Federasiyanın bəyanatında qeyd olunub ki, bu cür davranış dünya çempionatının təcəssüm etdirməli olduğu ədalətli oyun, bərabərlik və birlik prinsiplərinə ziddir.
“Bu səbəbdən Ekvador Futbol Federasiyası səlahiyyətli qurumları baş verən hadisələrə daha çox diqqət yetirməyə və futbolçularımızın, məşqçilər korpusunun və azarkeşlərimizin qorunması üçün zəruri tədbirlər görməyə çağırır. Əminik ki, bu qeyri-idman hadisələri iki qardaş ölkəni birləşdirən futbol bayramına kölgə salmayacaq və dünya çempionatının simvolu olan hörmət, sağlam rəqabət və ədalətli oyun prinsipləri üstünlük təşkil edəcək”, - bəyanatda vurğulanıb.
AFP agentliyinin məlumatına görə, azarkeşlərin gecə saatlarında yaratdığı səs-küy Ekvador millisinin istirahətinə mane olmaq məqsədi daşıyıb.
Qeyd edək ki, Ekvador və Meksika yığmaları arasında 1/16 final oyunu iyulun 1-nə keçən gecə keçiriləcək. ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.