BAKI, 1 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının Konqresə aralıq seçkilər ərəfəsində ilk dəfə xüsusi qurultay keçirəcəyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib. Onun sözlərinə görə, qurultay sentyabrın 9-10-da Texas ştatının Dallas şəhərində təşkil olunacaq.
“Respublikaçılar Partiyası ilk dəfə aralıq seçki qurultayı keçirəcək. Bu, indiyədək baş verməyib və həqiqətən tarixi miqyaslı hadisə olacaq”, - ABŞ lideri qeyd edib.
Tramp bildirib ki, tədbirin əsas məqsədi administrasiyasının həyata keçirdiyi siyasəti, o cümlədən sosial-iqtisadi sahədə əldə olunan nəticələri ictimaiyyətin diqqətinə çatdırmaqdır.
ABŞ Prezidenti həmçinin neft qiymətlərinin aşağı düşdüyünü və Vaşinqtonun İranın nüvəsizləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirdiyini vurğulayıb.
Xatırladaq ki, Tramp hələ 2025-ci ilin avqustunda Respublikaçılar Partiyasının Konqresə aralıq seçkilərdən əvvəl xüsusi qurultay keçirə biləcəyini açıqlamışdı. ABŞ-də aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın 100 üzvündən 33-ü və Nümayəndələr Palatasının bütün 435 üzvü yenidən seçiləcək. Hazırda Respublikaçılar Partiyası Konqresin hər iki palatasında çoxluğa malikdir.
ABŞ-də partiya qurultayları ənənəvi olaraq hər dörd ildən bir prezident seçkiləri ərəfəsində keçirilir və əsas məqsəd prezident və vitse-prezident postlarına namizədlərin rəsmən irəli sürülməsi, həmçinin partiya proqramının təsdiqlənməsidir.