BAKI, 1 iyul. TELEQRAF
Polşanın LOT aviaşirkətinə məxsus Varşava–Təl-Əviv reysini yerinə yetirən sərnişin təyyarəsi səhvən qaçırılma siqnalı göndərib. Hadisədən sonra Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus iki F-16 qırıcısı havaya qaldırılıb.
Teleqraf xəbər verir ki, Türkiyə Nəqliyyat Nazirliyinin məlumatına görə, təyyarə Bolqarıstan hava məkanında olarkən aviasiyada qaçırılma və ya qanunsuz müdaxilə halını ifadə edən 7500 kodlu həyəcan siqnalı ötürüb.
Bundan sonra təyyarə Türkiyə hava məkanına daxil olub. Ekipaj hər hansı fövqəladə vəziyyətin olmadığını bildirsə də, Türkiyə tərəfi beynəlxalq aviasiya prosedurlarına uyğun olaraq bütün təhlükəsizlik tədbirlərini həyata keçirib.
Nazirliyin açıqlamasında qeyd olunub ki, təyyarə Türkiyə hava məkanına daxil olduğu andan etibarən iki F-16 qırıcısının nəzarəti altında olub və hava məkanını tərk edənədək müşayiət edilib.
Hadisə zamanı Türkiyə tərəfi Bolqarıstan hakimiyyətindən təyyarənin Burqas hava limanına enişinə icazə verilməsini istəyib. İcazə alındıqdan sonra layner Burqasa istiqamətlənərək Türkiyə hava məkanını tərk edib.
DHA agentliyinin məlumatına görə, ilkin ehtimala əsasən, pilot dispetçerlərə ötürülən kodu səhv daxil edib. Hadisə ilə bağlı aviaşirkət və aidiyyəti qurumlar araşdırma aparırlar.
Qeyd edək ki, aviasiyada 7500 kodu hava gəmisinə qanunsuz müdaxilə, o cümlədən təyyarənin qaçırılması və ya ələ keçirilməsi təhlükəsini ifadə edir.