BAKI, 1 iyul. TELEQRAF

İranın Qətərdə dondurulmuş aktivlərinin bir hissəsinin açılması ilə bağlı yayılan məlumatlara baxmayaraq, vəsaitlər hələ də Tehranın sərəncamına verilməyib.

Teleqraf xəbər verir ki, “New York Post” qəzetinin ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, İran qarşılıqlı anlaşma memorandumunda nəzərdə tutulan şərtləri yerinə yetirməyənə qədər heç bir dondurulmuş aktivin açılması planlaşdırılmır.

Mənbənin sözlərinə görə, Tehran vəsaitlərin birdəfəlik ödəniş şəklində köçürülməsini istəyib. Vaşinqton isə bu məbləğin hissələrə bölünərək ayrılmasının tərəfdarıdır. ABŞ administrasiyası vəsaitlərin danışıqlarda irəliləyiş əldə olunduqca humanitar məhsul tədarükçülərinə birbaşa ödənilməsini təklif edir.

İran Prezidenti Məsud Pezeşkian iyunun 29-da bildirib ki, Tehran və Doha ölkənin Qətərdə saxlanılan 12 milyard dollarlıq aktivlərinin 6 milyard dollarının blokdan çıxarılması barədə razılığa gəliblər. Onun sözlərinə görə, qalan vəsaitlərin geri qaytarılması istiqamətində də işlər davam etdirilir.